×
A
A
A
Sazlamalar

Ermənistanın sərhəd təxribatları İrəvanın sülhdən uzaq olduğunu göstərir - RƏY

Bakı, 17 aprel, AZƏRTAC

“Ermənistanın ordumuzun mövqelərini tez-tez atəşə tutması, sərhəddə müxtəlif təxribatlar törətməsi İrəvanın sülhdən uzaq olduğunu göstərir”.
Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, baş verənlər Ermənistanın bölgədə vəziyyəti süni şəkildə gərginləşdirmək cəhdindən xəbər verir: “Vətən müharibəsindən 4 il ötməsinə baxmayaraq, Ermənistanın hələ də Azərbaycanın sülh səylərini dəstəkləməməsi, bu yolda süni maneələr yaratması təəssüf doğuran məqamlardan biridir. Baş verənlər bir daha onu göstərir ki, Ermənistan nəinki sülh müqaviləsi bağlamaq istəmir, həm də bölgədə vəziyyəti gərginləşdirməyə cəhd edir.

Bildiyiniz kimi, mediada Ermənistanın Hindistan, İran, Fransa kimi ölkələrdən silah-sursat, hərbi texnika alması ilə bağlı məlumatlar yer almaqdadır. Hətta bəzi beynəlxalq qurumlar belə Ermənistanı silahlandırmağa hazır olduqlarını bildirirlər. Belə vəziyyətdə qonşu ölkə sərhəddə müxtəlif təxribatlara əl atmaqla bütün dünyanın, xüsusilə də ermənipərəst qüvvələrin diqqətini bölgəyə cəlb etməyə çalışır. İrəvan bununla belə təəssürat yaratmağa çalışır ki, guya Azərbaycan hər an bölgədə yeni hərbi əməliyyatlara başlaya bilər və Ermənistanın müdafiə olunmağa, hərbi yardımlara həqiqətən ehtiyacı var. Halbuki, Ermənistana heç bir dövlətin, o cümlədən Azərbaycanın təhlükə yaratmadığı, təhdid etmədiyi göz önündədir. Bölgə üçün yeganə təhlükə elə Ermənistanın özüdür”.
Cəlil Xəlilov deyib ki, beynəlxalq təşkilatlar, qlobal güclər Ermənistanı təxribatlardan çəkindirməli, regionda gərginliyi artırmaq səylərindən imtina etməlidir: “Ermənistanın təxribatçılıq cəhdləri, yeni qarşıdurma səyləri dünyanın gözləri qarşısında baş verir. Hansı ki, regionda yeni qarşıdurma bütün bölgə üçün yaxşı heç nə vəd etmir. Bu baxımdan beynəlxalq təşkilatlar, iri güclər Ermənistanı təxribatlardan çəkindirməli, yeni qarşıdurmanın region üçün ciddi fəsadlara səbəb olacağını dərk etməlidir.
Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribatlardan imtina etməli, Azərbaycanın sülh səylərini dəstəkləməlidir. İrəvan anlamalıdır ki, yeni hərbi qarşıdurmanın nəticələri Ermənistan üçün Vətən müharibəsindən daha ağır və dağıdıcı olacaq”.
Xatırladaq ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün – aprelin 17-də Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunub və zərərsizləşdirilərək müsadirə edilib.

Cəmiyyət 2024-04-17 16:26:00