×
A
A
A
Sazlamalar

AzMİU tələbəsi ABŞ-ın Kolumbiya Universitetində təhsil alacaq

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin IV kurs tələbəsi Fuad Cəfərli ABŞ-ın Kolumbiya Universitetində İnşaat mühəndisliyi ixtisası üzrə magistr təhsili almaq hüququ qazanıb.
Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Qeyd olunub ki, Kolumbiya Universiteti Nyu-Yorkun mərkəzində yerləşir və ABŞ-ın “Sarmaşıq” liqasının üzvüdür. Bu liqaya ABŞ-ın ən nüfuzlu universitetləri daxildir. Kolumbiya Universitetinə sənəd göndərənlərin 4 faizi burada təhsil almaq hüququ qazanır.
Kolumbiya Universiteti çoxsaylı dünyaşöhrətli məzunlar yetişdirib. Onlardan 79-u sonralar Nobel mükafatına layiq görülüb. Universitetin uğurlu məzunları sırasından ABŞ prezidentləri Teodor Ruzvelt, Barak Obama, Vudro Vilson, Estoniya prezidenti Tomas Hendrik İlves, ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt, Nobel mükafatı laureatları Martin Çalf, Ceyms Hekman, Edmund Felps, Orxan Pamuk, Riçard Aksel və digərlərinin adını çəkmək olar. Kolumbiya Universiteti akademik hazırlığın səviyyəsi, tibb, mədəniyyət, sosiologiya və s. elmlərin tədqiqatı üzrə əldə etdiyi uğurlara görə bütün dünyada məşhurdur. Hazırda burada 25000-dən çox tələbə təhsil alır, onların 20 faizini digər ölkələrdən gələnlər təşkil edir.

Elm və təhsil 2024-04-17 16:13:00