×
A
A
A
Sazlamalar

Agentliyin sədri: Əmək yarmarkaları əhalinin məşğulluğunun təmin olunması baxımından vacibdir

Bakı, 30 aprel, AZƏRTAC

Bu gün Dövlət Məşğulluq Agentliyi Bakı Dövlət Universiteti ilə birlikdə Karyera Festivalı keçirir. Bakı Dövlət Universitetinin 105 illiyini nəzərə alaraq burada rəmzi olaraq 105 işəgötürən şirkət 1200-dən artıq vakansiya ilə təmsil edilir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli söyləyib.
“Ümumiyyətlə, əmək yarmarkaları əhalinin məşğulluğunun təmin olunması baxımından vacibdir. Biz il ərzində 100-dən artıq yarmarka təşkil edirik. Həmin yarmarkalar gənclərimizin və məzunlarımızın karyera imkanları ilə əyani şəkildə tanış olmasına şərait yaradır. Bu baxımdan sərgi kifayət qədər uğurlu bir prosesə çevrilib”, - deyə M. Abbasbəyli əlavə edib.
“Zaman keçdikcə əmək yarmarkalarının keyfiyyəti ilə yanaşı, təqdim və təklif olunan vakansiyaların, həmçinin işəgötürmə göstəricilərinin artdığını müşahidə edirik”, - deyə sədr fikrini yekunlaşdırıb.

Elm və təhsil 2024-04-30 13:25:00