×
A
A
A
Sazlamalar

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin açılış mərasimi keçirilib YENİLƏNİB

Bakı, 17 aprel, AZƏRTAC

Aprelin 17-də Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə “Sabahın alimləri” XIII respublika müsabiqəsinin açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Təhsil İnstitutunun direktor müavini, layihə direktoru Fuad Qarayev müsabiqənin statistik göstəriciləri ilə bağlı hesabatı təqdim edib. Fuad Qarayev 8 istiqamət üzrə qeydiyyatdan keçən, qəbul olunan və qiymətləndirilən layihələr barədə ətraflı məlumat verib. Qeyd edib ki, müsabiqə üzrə qeydiyyatdan keçən 652 layihədən 113-ü sərgidə iştirak hüququ qazanıb.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında ölkədə 2012-ci ildən keçirilən müsabiqəyə marağın ildən-ilə artmaqda olduğunu vurğulayıb. Nazir müasir təfəkkürlü və yaradıcı düşüncəli gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, onların yüksək standartlara uyğun tədqiqatçı-mütəxəssis kimi formalaşmasında müsabiqənin mühüm rolundan danışıb.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar, həmçinin videoçarx nümayiş etdirilib.
Gənclər və idman nazirinin müavini İndira Hacıyeva da öz növbəsində layihə finalçılarına müvəffəqiyyətlər arzulayıb. Nazir müavini bildirib ki, layihələrin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində böyük nailiyyətlər əldə edilir.
Tədbirin rəsmi hissəsindən sonra qonaqlar finalçıların əl işləri ilə tanış olublar.
Qeyd edək ki, müsabiqədə növbəti 2 gün ərzində şagirdlərin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqat layihələri dəyərləndiriləcək. Bununla yanaşı, qaliblər sırasından seçilən məktəblilər ABŞ-da keçirilən sərgidə ölkəmizi təmsil edəcəklər.
Müsabiqənin keçirilməsində məqsəd elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdləri aşkara çıxarmaq, onlarda tənqidi düşünmə, problem həlletmə, vaxtın idarə olunması, natiqlik və ünsiyyət kimi bacarıqları inkişaf etdirmək, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumi təhsil müəssisələri arasında əlaqələri genişləndirmək, həmçinin şagirdlərin oxşar maraqları olan həmyaşıdları ilə şəbəkələşməsini təmin etməkdir.

Elm və təhsil 2024-04-17 15:10:00