×
A
A
A
Sazlamalar

AMEA-da doktorantura və dissertanturaya sənəd qəbulu ilə bağlı məsələlər müzakirə edilib

Bakı, 30 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin təşkilatçılığı ilə AMEA-da 2024-cü il üçün doktorantura və dissertanturaya sənəd qəbulu ilə bağlı vəziyyətin monitorinqinə həsr olunmuş iclas keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Diqqətə çatdırılıb ki, AMEA-da doktoranturaya və dissertanturaya sənəd qəbulu ilk dəfə olaraq paralel şəkildə portal.edu.az vasitəsilə elektron qaydada həyata keçirilir. Sözügedən xidmət sayəsində “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edirlər.
AMEA-nın elmi müəssisə və təşkilatlarına doktorantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 68 yer (45 yer əyani, 23 yer qiyabi), doktorantura yolu ilə elmlər doktoru hazırlığı üzrə 17 yer (3 yer əyani, 14 yer qiyabi), dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 50 yer, dissertantura yolu ilə elmlər doktoru hazırlığı üzrə isə 41 yer müəyyən edilib. Sənəd qəbulu mayın 15-dək həyata keçiriləcək.
İclasda monitorinq nəticələrindən danışılıb, müraciətlərin elektron formada təşkilinin qəbul prosesinə daha çevik, rahat və keyfiyyət baxımından yüksək şərait yaratdığı vurğulanıb. Bununla yanaşı, elektron sənəd qəbulu prosesinin gedişi ilə bağlı fikir və mülahizələr səsləndirilib.

Elm və təhsil 2024-04-30 11:29:00