×
A
A
A
Sazlamalar

Böyük Britaniyada tütünlə mübarizədə mühüm addım atılıb

Bakı, 17 aprel, AZƏRTAC

Çərşənbə axşamı, aprelin 17-də Böyük Britaniya siqaretlə mübarizədə mühüm mərhələni qeyd edib. Ölkə parlamenti 2009-cu ildən sonra doğulmuş insanlara siqaret satışının qadağan edilməsini dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, bu təklif Böyük Britaniyanın Baş naziri Rişi Sunak tərəfindən irəli sürülüb. Tütün və siqaret haqqında qanun layihəsi parlament üzvlərindən güclü dəstək alıb: onun lehinə 383, əleyhinə 67 nəfər səs verib.
Ölkənin Səhiyyə və Sosial Məsələlər Naziri Viktoriya Atkins parlamentdəki həmkarları qarşısında qanun layihəsini qızğın şəkildə müdafiə edərək bildirib ki, asılılıqda azadlıq ola bilməz.
Qanun layihəsinə əsasən, bu il 15 yaşı tamam olan və daha kiçik uşaqlar heç vaxt qanuni olaraq tütün satın ala bilməyəcəklər. Tədbirlər, həmçinin siqaret məhsullarını uşaqlar üçün daha az cəlbedici etmək və yetkinlik yaşına çatmayanlara tütün və ya veypinq məhsulları satan mağazalara cərimələrin tətbiqi üçün ticarət standartları üzrə məmurlara yeni səlahiyyətlər verilməsi məqsədi daşıyır.
Belliklə, Böyük Britaniya bu qanunla siqaretsiz ilk nəsil yaratmağı hədəfləyir.

 

Dünya 2024-04-17 15:00:00