×
A
A
A
Sazlamalar

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Bakı, 16 aprel, AZƏRTAC

Əqli Mülkiyyət Agentliyi tərəfindən elan olunan “Əqli mülkiyyət aylığı” çərçivəsində “Rəqəmsal dövrdə əqli mülkiyyət” mövzusunda seminar keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi ölkəmizdə gənclərin ixtiraçılıq fəaliyyətinə dəstək verilməsi olub.
Seminarı açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov görüş iştirakçılarına 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 Aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü haqqında məlumat verib. O, gəncliyi gələcəyimiz, əqli mülkiyyəti isə gələcəyin aparıcı qüvvəsi adlandıraraq müasir gəncliyin kreativliyinin, yenilikçiliyinin və əqli fəaliyyət nəticələrinin xalqımızın yeni zirvələrə yol açmasında, onun dövlətlər arasında layiqli yerini tutmasında əsas zəmanət olduğunu bildirib. Agentliyin rəhbəri bugünkü intellektual ənənələrimizi keçmişimizin tərəqqisi adlandıraraq gənclərin bugünkü nailiyyətlərinin gələcəyin ənənəsinə çevriləcəyini vurğulayıb.
K.İmranov Prezident İlham Əliyevin “Yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi...” fikrini xatırladaraq bu yeni dövrdə gənclərin söz sahibi olduğunu diqqətə çatdırıb.
Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov çıxışında Əqli Mülkiyyət Agentliyi tərəfindən ixtiraçılıq fəaliyyətinə dəstək verilməsini yüksək qiymətləndirib.
Seminara moderatorluq edən Agentliyin İdarə Heyətinin üzvü Sənan Tapdıqov ölkəmizdə yaradıcılığın stimullaşdırılması, xüsusilə gənclər arasında ixtiraçılıq fəaliyyətinin təşviq edilməsinin əhəmiyyətindən danışıb, bu sahədə Agentliyin tabeliyində olan Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin fəaliyyətini vurğulayıb.
Tədbirdə çıxış edən Agentliyin İdarə Heyəti sədrinin müşaviri Gülnarə Rüstəmova, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Anar Hüseynov, Mərkəzin şöbə müdiri Sevinc Zeynalova ixtiraçılıq fəaliyyətinin dəstəklənməsi, ixtiraların ekspertizası və patentləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
Sonra seminarda iştirak edən gənc ixtiraçılar təqdimatlar ediblər. İvan Kanevski və Nihat Abdullayev “Smart oyuncaqda süni intellektin tətbiqi ilə interaktiv təhsilin təmin edilməsi üçün üsul və qurğu”, Ləman Əliyeva və Nihat Abdullayev “Süni intellektlə ətraf mühiti avtomatik təsvir edən “ağıllı” eynəklərin yeni modeli”, Qabil Hüseynli, Fərid Şıxıyev və Rüfət Şıxıyev “Tibbi nəqliyyatın avtomatlaşdırılmış idarəetmə sistemi”, Şahin Xəlilov “Avtomatlaşdırılmış suvarma idarəetmə sistemi”, Zamiq Şükürov “Görmə əngəlli insanların hərəkət etməsi üçün yardımçı qurğu”, Çingiz Qurbanlı “Kontaktsız yüksək gərginlikli elektron açar” adlı ixtiraları barədə ətraflı məlumat veriblər.
Qeyd edək ki, gənclər tərəfindən nümayiş olunan ixtiraların patentləşdirilməsi məqsədilə iddia sənədləri Agentliyə təqdim olunub.

Elm və təhsil 2024-04-16 18:03:00