×
A
A
A
Sazlamalar

Türkiyədən İran və İsrailə çağırış: Regionda gərginliyi daha da yüksəltməyin

Ankara, 14 aprel, AZƏRTAC

Türkiyə İran və İsraili bölgədəki gərginliyi yüksəldəcək addımlardan çəkinməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı bəyanatla çıxış edən Türkiyənin Xarici İşlər Nazirliyi regional sabitliyə uzun müddətli zərbə vuracaq və beynəlxalq müstəvidə yeni genişmiqyaslı böhranlara səbəb olacaq qərarların verilməməsinin əhəmiyyətini vurğulayıb.
İsrailin Qəzza zolağında keçirdiyi əməliyyatların regional təhlükəsizlik baxımından ciddi risklərə səbəb olduğuna diqqət çəkilən bəyanatda qeyd edilib ki, İranın Dəməşqdəki səfirliyinə endirilən zərbə Ankaranın narahatlığının nə qədər əsaslı olduğunu bir daha ortaya qoyub.
“İranın bu hücuma cavabı və sonrakı hadisələr bir daha göstərdi ki, proseslər tez bir zamanda regional müharibəyə çevrilə bilər. Türkiyə nümayəndələri İran və ABŞ rəsmiləri ilə görüşərək, regionda gərginliyi daha da artırmama çağırış edib. Ölkəmizin gözləntiləri və mövqeyi tərəflərə çatdırılıb, atılacaq cavab addımlarının mütənasib olması üçün təşəbbüslər irəli sürülüb”, - deyə sənəddə qeyd olunur.
Türkiyənin bu gün də həm Qərb dövlətlərinə, həm də İrana regional təhlükəsizlik və sabitliklə bağlı mövqeyini çatdırdığı vurğulanıb.

Ramin Abdullayev
AZƏRTAC -ın xüsusi müxbiri
Ankara

Dünya 2024-04-14 20:03:00