×
A
A
A
Sazlamalar

Kubada “Azərbaycan - orta güc ölkəsi” mövzusunda təqdimat keçirilib

Bakı, 12 aprel, AZƏRTAC

Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev Kubanın aparıcı tədqiqat mərkəzi olan Beynəlxalq Siyasi Tədqiqatlar Mərkəzində (Centro de Investigaciones de Politica Internacional - CIPI) “Azərbaycan – orta güc ölkəsi” mövzusunda təqdimatla çıxış edib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Havanada fəaliyyət göstərən beyin mərkəzlərinin regionumuz üzrə tədqiqatçılarının, eləcə də Kuba Xarici İşlər Nazirliyi nümayəndələrinin iştirak etdiyi təqdimatda səfir R.Rzayev Azərbaycanın qlobal səviyyədə artan nüfuzu, ölkəmizin enerji siyasəti, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rolu, yaşıl və bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələr, Azərbaycanın beynəlxalq əhəmiyyətli nəqliyyat qovşaqlarının mərkəzində yerləşməsi, son illərdə ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlara sədrliyi və bu il COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcəyi barədə geniş məlumat verib. Səfir, həmçinin 44 günlük Vətən müharibəsi, ötən ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri, Azərbaycanın sülh gündəliyi və Ermənistanla münasibətlərin normallaşması prosesi barədə danışıb.
Sonra sual-cavab hissəsi ilə davam edən tədbirdə səfir iştirakçıların ölkəmizin xarici siyasəti, Latın Amerikası ölkələri, eləcə də Azərbaycanın qonşuları, habelə regional təşkilatlarla münasibətləri və digər maraq doğuran mövzular ətrafında suallarını cavablandırıb.

Siyasət 2024-04-12 18:28:00