×
A
A
A
Sazlamalar

Regionların sürətli inkişafını Qəbələ rayonunun timsalında aydın görmək olar - VİDEOREPORTAJ

Qəbələ, 10 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Son 20 ildə Azərbaycanın əldə etdiyi uğurlar bir daha sübut edir ki, ölkəmizdə inkişafın strateji istiqamətləri düzgün müəyyənləşdirilib. Regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Ölkənin sosial-iqtisadi inkişaf strategiyasında prioritet istiqamət kimi müəyyən edilən regional inkişaf əhalinin işgüzar fəallığının artmasına, bölgələrdə infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olub, vətəndaşların rifahı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ölkənin ucqar şəhər və rayonlarında, qəsəbə və kəndlərdə təhsilin infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi istiqamətində çox böyük işlər görülüb.
Regionların sürətli inkişafını Qəbələ rayonunun timsalında da aydın görmək olar. Son illər rayonda onlarla yeni məktəb binası, uşaq bağçası, səhiyyə ocaqları tikilib istifadəyə verilib, ölkə əhəmiyyətli, rayonlararası və yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində çox mühüm işlər həyata keçirilib. Prezident İlham Əliyevin aprelin 9-da Qəbələ rayonuna növbəti səfəri çərçivəsində rayonun Bum qəsəbəsində tam orta məktəbin yeni binasının, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının, avtomobil yolunun, “Hacıalılı” elektrik yarımstansiyası və Regional Təlim Mərkəzinin istifadəyə verilməsi regionların sosial-iqtisadi inkişafına göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir.

624 şagird yerlik tam orta məktəb üçün müasir tələblərə cavab verən bina tikilib

Rayonun Bum qəsəbəsində Təbriz Yaqubov adına 624 şagird yerlik tam orta məktəb üçün müasir tələblərə cavab verən, hər cür şəraiti olan yeni binanın tikilməsi məktəb kollektivinin böyük sevincinə səbəb olub. Məktəbin direktor əvəzi Ramil Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 1983-cü ildə tikilmiş məktəbin əvvəlki binası son illər qəzalı vəziyyətə düşmüşdü, müasir tələblərə cavab vermirdi. Ona görə də yeni binanın inşası zərurəti yaranmışdı. Qəsəbə tam orta məktəbin yeni binasının tikintisinə 2021-ci ilin dekabrında başlanılıb. Məktəb binası 26 sinif otağından, kimya, fizika və biologiya laboratoriyalarından, 2 informatika kabinetindən, 2 texnologiya otağından, gənclərin çağırışaqədərki hazırlıq kabinetindən, kitabxana, 195 yerlik akt zalı, idman zalı və 80 yerlik yeməkxanadan ibarətdir.


Onun sözlərinə görə, hazırda məktəbdə 66 müəllim və 22 texniki işçi çalışır. Builki buraxılış imtahanında məktəbin 11-ci sinif şagirdlərindən 5 nəfər 250 baldan yuxarı nəticə göstərib. Şagirdlərdən Nəzrin Aləmmədova imtahanlarda 285 bal toplamağa müvəffəq olub. Direktor əvəzi kollektivə belə bir gözəl məktəb binası hədiyyə etdiklərinə görə müəllim və şagirdlər adından dövlətimizin başçısına dərin minnətdarlığını bildirib.
Sevinc hisslərini bölüşən məktəbin fiziki tərbiyə müəllimi Tofiq Qaragözov isə deyib: “Qırx ildir ki, bu məktəbdə çalışıram. İnanın ki, bu gün sevincimin həddi-hüdudu yoxdur. Hamımız yeni məktəbin istifadəyə veriləcəyi günü böyük səbirsizliklə gözləyirdik. Uzun illər çətin şəraitdə işləmişik. Lakin bütün çətinliklərə baxmayaraq, şagirdlərimizi elmli, bilikli, Vətənə layiq gənclər kimi yetişdirmək üçün var qüvvəmizlə çalışırdıq”.
Qeyd edək ki, yeni dövrün çağırışlarına uyğun olaraq, müasir məktəblərin qurulması Azərbaycan dövlətinin prioritetləri sırasında başlıca yer tutur. Son 20 ildə Azərbaycanın mərkəzi şəhərlərindən tutmuş ən ucqar kəndlərinə qədər yaşayış məntəqələrində 3600 yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır.

Qəbələ Rayon Mərkəzi Xəstəxanası müasir tibbi avadanlıqla təchiz olunub

Prezident İlham Əliyevin aprelin 9-da Qəbələ rayonuna səfəri çərçivəsində istifadəyə verilən rayon mərkəzi xəstəxanasi yalnız Qəbələ sakinlərinə deyil, bütövlükdə region əhalisinə hərtərəfli tibbi xidmət göstərməyə imkan yaradır. Xəstəxanada yaradılan şərait barədə AZƏRTAC-ın bölgə müxbirinə məlumat verən Qəbələ Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Ceyhun Əhmədov bildirib ki, 160 çarpayılıq xəstəxana binasının inşasına 2016-cı ildə başlanılıb və tikinti işləri 2023-cü ildə başa çatdırılıb. Xəstəxananın yerləşdiyi ərazinin ümumi sahəsi 4,9 hektardır. Tibb ocağının altımərtəbəli əsas binası üç blokdan ibarətdir. Bu səhiyyə müəssisəsində terapiya, uşaq xəstəlikləri, nevrologiya, ümumi cərrahiyyə, ginekologiya, travmatologiya, LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, qəbul, laboratoriya, təcili tibbi yardım, doğum, doğuşdan sonrakı fizioloji şöbələr və hamiləliyin patologiyası şöbəsi də fəaliyyət göstərəcək.

Xəstəxana müasir tələblərə cavab verən tibbi avadanlıqla, o cümlədən maqnit rezonans tomoqrafiyası (MRT), çoxkəsikli kompüter tomoqrafiyası (KT), rəqəmsal stasionar ultrasəs müayinə cihazı, rəqəmsal teleskopik rentgen cihazı və rəqəmsal DR rentgen qurğusu ilə təchiz olunub. Ərazidə əsas korpusla yanaşı, Gigiyena və Epidemiologiya Mərkəzi, Yoluxucu Xəstəliklər Korpusu, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsi üçün binalar tikilib.
Xəstəxananın direktoru deyib: “Son illər ölkəmizdə səhiyyə sahəsinə xüsusi diqqət ayrılıb. İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq səhiyyədə tibbi xidmətin keyfiyyət və kəmiyyət göstəricilərində mühüm dəyişiklik olub. Xəstə gəlişləri, əməliyyatların sayı dəfələrlə artıb. Pandemiya dövründə tibbi xidmətin keyfiyyətinin artırılması məqsədi ilə Qəbələ rayonunda 200 çarpayılıq modul tipli xəstəxana tikilib istifadəyə verilib. Pandemiya dövründə həmin xəstəxanada yüzlərlə xəstəyə tibbi xidmət göstərilib. Hazırda həmin xəstəxana infeksion xəstəliklər şöbəsi kimi fəaliyyət göstərir”.
Qəbələ Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitdən görünür ki, vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətimizin başçısının daim diqqətində və nəzarətindədir.

İldə 230 min ton karbohidrogen yanacağına qənaət ediləcək, 239 min ton karbon dioksid emissiyası azaldılacaq

Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri zamanı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 110/35/10 kV-luq “Hacıalılı” elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin açılışında da iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri yeni istismara verilən yarımstansiyada olub, fəaliyyəti ilə maraqlanıb. Qəbələ Elektrik Şəbəkəsinin rəisi Elvin Bayramzadə bildirib ki, elektrik şəbəkəsi ümumilikdə 31 min 502 abonenti əhatə edir. ASC tərəfindən rayon ərazisində aparılan yenidənqurma işləri çərçivəsində Qəbələ şəhərinin, 2 qəsəbənin və 13 kəndin elektrik təsərrüfatı yenilənib. İstehlakçıların elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi məqsədilə 110/35/10 kV-luq 26 meqavat-amperlik (MVA) “Hacıalılı” yarımstansiyasının gücü 41 MVA-ya çatdırılmaqla müasir tələblərə uyğun yenidən tikilib.
Elektrik yarımstansiyasının qarşısında elektromobillər üçün “Azərişıq” tərəfindən iki enerjidoldurma stansiyası da inşa olunub.

Şəbəkə rəisinin sözlərinə görə, elektromobil enerjidoldurma stansiyalarının tətbiqi nəticəsində ildə 230 min ton karbohidrogen yanacağına qənaət edilməsi və 239 min ton karbon dioksid emissiyasının azaldılması mümkün olacaq.
Yarımstansiyanın ərazisində Regional Təlim Mərkəzi də inşa edilib. Təlim Mərkəzində yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpaolunan enerji mənbələrinin tətbiq və istismar qaydaları, peşə vərdişlərinin əldə edilməsi, real iş şəraitində təlimlər və ustalıq yarışlarının təşkili nəzərdə tutulur. Mərkəz müasir şəbəkə poliqonu və “Yaşıl Enerji” təlim poliqonundan ibarətdir. Şəbəkə poliqonunda kompozit dayaqlar, optik-lifli 35 kV-luq və 0,4 kV-luq kabel xətləri, smart sayğaclar, SK-11 35-0,4 kV-luq şəbəkə idarəetmə sistemi quraşdırılıb. Poliqonda beynəlxalq peşə ustalığı yarışlarına hazırlıq üçün lazımi şərait yaradılıb. “Yaşıl Enerji” təlim poliqonunda isə Günəş və külək enerji mənbələri, ”Azərişıq” ASC-nin Mobil Yaşıl Enerji Qurğusu layihələri üzrə təlimlər təşkil olunacaq.

Yeni salınan yol bölgədə turizmin və kənd təsərrüfatının inkişafına təkan verəcək

Son illər respublikamızda yol–nəqliyyat infrastrukturunda əsaslı dəyişikliklər baş verir. Ölkə ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistrallar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulur. Paytaxtın və rayon mərkəzlərinin küçə və yolları abadlaşdırılır. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, hazırda əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən avtomobil yollarının təmirinə yönəldilib. Bu proses ölkəmizin bütün regionlarında olduğu kimi, Qəbələ rayonunda da geniş vüsət alıb.
Prezident İlham Əliyevin aprelin 9-da Qəbələ rayonuna səfəri çərçivəsində Ağdaş-Zarağan yolunun 40-cı kilometrliyindən başlayan Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun da açılışı olub.

Avtomobil yolunun texniki göstəriciləri barədə AZƏRTAC-ın bölgə müxbirinə məlumat verən Avtomobil Yolları Dövlət Agentliyinin 10 saylı “Yol İstismar” MMC-nin mühəndisi Azər Mehralıyev bildirib ki, Azərbaycan Prezidentinin 2021-ci il 17 may və 2022-ci il 2 fevral tarixli sərəncamları ilə inşa edilən bu avtomobil yolu Qəbələ rayonunda 17 minə yaxın əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirir. Dördüncü texniki dərəcəyə uyğun salınan iki hərəkət zolaqlı yolun ümumi uzunluğu 41 kilometrdir. İnşaat işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, nişanlanma xətləri çəkilib. Yol üzərində bir körpü salınıb, 18 avtodayanacaq yaradılıb.
Bu avtomobil yolunun tikintisi əhatə etdiyi 15 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə turizmin və kənd təsərrüfatının inkişafında, eləcə də insanların həyat tərzinin və rifah halının yüksəlməsində mühüm əhəmiyyət kəsb edəcək.

Regionlar 2024-04-10 20:53:00

Video