×
A
A
A
Sazlamalar

Laçındakı seleksiya mərkəzində məhsuldar sortlardan olan heyvanlar yetişdirilir - FOTO

Laçın, 10 aprel, Aydın Yavərzadə, AZƏRTAC

Laçının Zerti kəndində yerləşən Heyvandarlıq Seleksiya Mərkəzində heyvanların baş sayı artıb. Yerli iqlimə adaptasiya dövrünü keçən müxtəlif sort keçi və qoyunlardan çəpiş və quzular əldə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zerti Aqro Sənaye parkındakı Heyvandarlıq Seleksiya Mərkəzi səkkiz aydır fəaliyyətini davam etdirir. Müasir standartlara cavab verən mərkəz müxtəlif sort keçi və qoyunların cins tərkibinin yaxşılaşdırılması, ətlik-südlük və yun çıxımı daha yüksək olan sortların əldə edilməsi məqsədi ilə yaradılıb.


Mərkəzin fəaliyyəti barədə danışan sahə nəzarətçisi Əli Cəmilzadə bildirib ki, əsas məqsəd müxtəlif sort xırdabuynuzlu heyvanların seleksiyasını təşkil etməkdir: “Ərazidə hər biri 240 kvadratmetr olan 5 saxlanc yeri var. Hazırda mərkəzdə 5 sort olmaqla, 31 baş keçi saxlanılır. Əsasən xarici sortlardan ibarət Şamhələb, Honanlı, Alpin, Klis və Saanen keçiləri bəslənilir. Bunlardan Saanen keçiləri südlük, digərləri isə ətlik və bala artımı daha yüksək olan sortlardır. Həmçinin mərkəzdə 15 sort olmaqla, 76 baş qoyun da var. Bunlar arasında türk sortlarından olan və iplik üçün nəzərdə tutulan Merinos sortu, ətlik və südlük Romanov, Akkaraman, Sakız, Asaf, İvesi kimi məhsuldar sortlar yer alır”.
Söhbət zamanı məlum olur ki, mərkəzdə qısa müddət ərzində uğurlu nəticələr əldə olunub. Yerli iqlimə bir çox sortlar, əsasən də Türkiyə sortları uğurla adaptasiya olub. Burada saxlanılan keçilərdən 14 baş çəpiş əldə olunub və bütün sortlar bala verib. Qoyunlar arasında isə İvesi, Sakız, Akkaraman, Anadolu Merinosu, Asaf, Romanov və digər sortlardan, ümumilikdə, 31 baş quzu əldə olunub. Hazırda balalar xüsusi diqqətlə bəslənilir, onların inkişaf prosesi izlənilməklə, daim müşahidə altında saxlanılır.
Qeyd edək ki, Laçında Heyvandarlıq Seleksiya Mərkəzinin yaradılmasında əsas məqsəd mərkəzdə məhsuldar sortlardan olan heyvanlar yetişdirmək və Laçında xırdabuynuzlu heyvandarlığın inkişafını daha da sürətləndirməkdən ibarətdir.

Regionlar 2024-04-10 19:12:00