×
A
A
A
Sazlamalar

Apellyasiya Arbitraj Tribunalı “İrəvan” komandasının iki futbolçusunun və “Araz-Naxçıvan” klubunun şikayətlərini təmin etməyib

Bakı, 9 aprel, AZƏRTAC

Aprelin 9-da Apellyasiya Arbitraj Tribunalı “İrəvan” klubunun iki futbolçusunun və “Araz-Naxçıvan” peşəkar futbol klubunun AFFA İntizam Komitəsinin 2024-cü il 18 mart tarixli qərarlarından verdiyi apellyasiya şikayətlərinə baxaraq qərarlar qəbul edib.
Tribunaldan AZƏRTAC-a bildiriblər ki, qəbul edilən qərarlardan biri I Liqada çıxış edən “İrəvan” klubunun futbolçusu Atlam Egenin şikayəti ilə bağlı olub. Apellyasiya Arbitraj Tribunalı Atlam Egenin apellyasiya şikayətini təmin etməyib. Belə ki, “İrəvan” klubunda çıxış edən Atlam Egenin danışılmış oyunlarda iştirakına görə AFFA İntizam Məcəlləsinin 107.2-ci maddəsi ilə təqsirli bilinərək ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi barədə AFFA-nın İntizam Komitəsinin 2024-cü il 18 mart tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.
Apellyasiya Arbitraj Tribunalı “İrəvan” klubunun daha bir futbolçusu Kamal Mirzəyevin də şikayətini təmin etməyib. Qərara əsasən, “İrəvan” klubunda çıxış edən Kamal Mirzəyevin danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə və bununla da AFFA İntizam Məcəlləsinin 107.4-cü maddəsi ilə nəzərdə tutulan intizam pozuntusunu törətdiyinə görə 1 il şərti olmaqla 2 il müddətində futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi, həmin Məcəllənin 32-ci maddəsinə əsasən sınaq müddətinin 1 il təyin olunması barədə AFFA-nın İntizam Komitəsinin 2024-cü il 18 mart tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.
Tribunal qəbul etdiyi digər qərarla “Araz-Naxçıvan” peşəkar futbol klubunun AFFA İntizam Komitəsinin 2024-cü il 12 mart tarixli qərarından verdiyi apellyasiya şikayətini təmin etməyib. Belə ki, martın 10-da Misli Premyer Liqasında XXVI turun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun 78-ci dəqiqəsində “Araz-Naxçıvan” klubunun 1 nömrəli futbolçusu Vüsal Şabanovun hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılması (AFFA İntizam Məcəlləsinin 43.3-cü maddəsinə əsasən) barədə AFFA İntizam Komitəsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.

İdman 2024-04-09 19:16:00