×
A
A
A
Sazlamalar

Göyçayda “LevelUP” karyera forumu keçirilib

Bakı, 9 aprel, AZƏRTAC

Göyçay rayon Heydər Əliyev Mərkəzində gənclərin öz inkişaf yollarında mövcud imkanlardan necə faydalanmalarına, karyeralarını inkişaf etdirmələrinə həsr olunan “LevelUP” karyera forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, iki paneldən ibarət olan forum “Şəxsi inkişaf” və “Karyera və biznes” mövzularını əhatə edib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Dövlət Məşğulluq Agentliyi tabeliyində Göyçay Peşə Hazırlığı Mərkəzinin direktoru Arzu Paşayev çıxış ediblər.
Forumun birinci panelində “Gənclərin inkişafı üçün ömür boyu öyrənmənin və yeni imkanların təhlili mərhələləri”, “Region gənclərinin inkişafına dəstək”, “Könüllülükdən yüksəlişə”, “Gənclərin peşə hazırlığı və məşğulluq imkanlarının artırılması”, ikinci paneldə isə “Gənclərin karyera imkanları”, “Yerli bazarlarının təhlili və məşğulluğa dəstək layihəsi”, “Qadın sahibkarlar üçün imkanlar”, “Maliyyə institutlarının sahibkarlığa dəstəyi” mövzularında çıxışlar olub.
Bir çox dövlət və özəl qurumların nümayəndələri, peşəkar təlimçilər, Vətən müharibəsi iştirakçıları və qazilərin iştirak etdikləri forumda mentorlar spiker qismində çıxış ediblər.
Panellərin sonunda gənclərin sualları cavablandırılıb.

 

Regionlar 2024-04-09 18:32:00