×
A
A
A
Sazlamalar

İqtisadiyyat İnstitutunda çinli alimlərin iştirakı ilə elmi sessiya keçirilib

Bakı, 9 aprel, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda çinli alimlərin iştirakı ilə elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyada İqtisadiyyat İnstitutunun fəxri doktoru Çin Sosial Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun sabiq direktoru professor Pey Çanqhonq “Çinin mövcud makroiqtisadi vəziyyəti” mövzusunda məruzə edib. O, Çin iqtisadiyyatının makroiqtisadi göstəricilərindən, müasir vəziyyətindən və inkişaf meyillərindən danışıb. Avropa ölkələri, Hindistan və ABŞ-la müqayisələr aparan məruzəçi bildirib ki, 2023-cü ildə bu ölkədə iqtisadi artım 5,2% olub. Çin iqtisadiyyatı pandemiyanın ən az təsir etdiyi ölkədir. Ölkənin dünya iqtisadiyyatındakı payı 10 ildə 12,3%-dən 18%-ə yüksəlib. 3 trilyon dollar valyuta ehtiyatları var. 2024-cü ildə ölkədə 5,2% iqtisadi artım gözlənilir. Hər il Çin iqtisadiyyatı orta hesabla 4,7% artır. Əhalisinin çoxluğu və artımı şəraitində iqtisadiyyatı inkişaf etdirmək üçün daimi texnoloji yenilənmələrə ehtiyac var. Bunu nəzərə alan hökumət özəl sektorun inkişafını dəstəkləyir. Dövlət sektoru da aparıcı rola malikdir.
Həmin institutun professoru Ya Yun isə “Çinin sosial müdafiə sistemi” mövzusunda məruzə ilə çıxış edib. Professor Ya Yun Çinin dövlətin sosial siyasəti, pensiya təminatı, əhalinin artımı, sosial sığorta sistemi, işsizlik, qeyri-bərabərlik, sosial rifahın yüksəldilməsi problemləri, qiymətlərin tənzimlənməsi və onun sosial vəziyyətə təsiri kimi məsələlərdən danışıb. O, Çin dövlətinin özünəməxsus sosial siyasətinin başlıca xüsusiyyətlərini, özəlliklərini qeyd edib.
Sonra çinli alimlər sualları cavablandırıblar.

Elm və təhsil 2024-04-09 10:20:00