Azərbaycandan növbəti humanitar yardımı Malatya əyalətinə çatdırılıb
Ankara, 8 aprel, AZƏRTAC
Aprelin 8-də Azərbaycandan növbəti humanitar yardımı Türkiyənin Malatya əyalətinə çatdırılıb.
AZƏRTAC xəbər verir ki, humanitar yükün qardaş Türkiyənin sakinlərinə təhvil verilməsi mərasimində Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov iştirak ediblər. Türkiyənin Malatya əyalətinin administrasiyasının nümayəndələri adından yükü Battalgazi rayonunun administrasiyasının başçısı Erkan Savar qəbul edib.
Jurnalistlərlə söhbətdə Valeh Hacıyev qeyd edib ki, aksiyanın məqsədi Ramazan bayramı ərəfəsində qardaş ölkədə zəlzələdən zərər çəkən bölgə sakinlərinə dəstəyin göstərilməsidir.
“Azərbaycan hər zaman Türkiyənin yanındadır. Biz bundan sonra da zəlzələnin baş verdiyi bölgənin əhalisinin ehtiyaclarını araşdıracağıq və əlimizdən gələn yardım göstərəcəyik”, – deyə o bildirib.
Dəstəyə görə Azərbaycan hökuməti və xalqına təşəkkürünü bildirərək Malatyadakı Battalgazi rayon administrasiyasının başçısı Erkan Savar deyib: “Azərbaycan genişmiqyaslı təbii fəlakətin ilk günündən bizə yardım əlini uzadıb. Azərbaycan hökuməti tərəfindən zəlzələdə zərər çəkmiş insanlara yardım bu gün də davam etdirilir, buna görə də biz qardaş ölkəyə səmimi-qəlbdən təşəkkürümüzü bildiririk”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Müharibə qəhrəmanlarının xatirəsi illər boyu yaşayır
Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır
Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb
Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir