×
A
A
A
Sazlamalar

Naxçıvanda sertifikatlaşdırma imtahanlarında iştirak edəcək müəllimlərlə maarifləndirici görüş keçirilib

Naxçıvan, 8 aprel, AZƏRTAC

Aprelin 8-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində Azərbaycan dili və Ədəbiyyat, riyaziyyat, ibtidai sinif, həmçinin xarici dil tədris edən və ilk dəfə təhsilverənlərin mərkəzləşdirilmiş qaydada sertifikatlaşdırma imtahanında iştirak edəcək müəllimlərlə maarifləndirici görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov sertifikatlaşdırılmada əsas məqsədin ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrini və peşə yararlılıqlarını yoxlamaq, onların inkişafına təkan vermək olduğunu bildirib.
Qeyd edilib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesi təhsilin keyfiyyət göstəricilərinə təsir etməklə yanaşı, həmçinin sertifikasiya nəticəsi müəllimlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında da böyük rol oynayır.
Elxan Nəcəfov diqqətə çatdırıb ki, bu il Naxçıvanda ilk dəfə olaraq təhsilverənlərin sertifikatlaşdırılması Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.
Vurğulanıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının Sosial-İqtisadi İnkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq bu istiqamətdə texniki məsələlər həll edilir və proses tam şəffaf qaydada, hər kəsə bərabər imkanlar yaradılmaqla həyata keçiriləcək.
Görüşdə Azərbaycan Respublikası Təhsil İnstitutunun şöbə müdirləri Muxtar Hacıyev təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təşkili qaydaları, Aynur Rüstəmova isə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin qiymətləndirmə çərçivəsi haqqında iştirakçılara geniş məlumat verib.
Qeyd olunub ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesi test imtahanı və müsahibə mərhələsindən ibarətdir. İmtahanın test mərhələsində 50 ixtisas və 10 metodika və pedaqogika olmaqla 60 sualla müəllimlərin bilik və bacarıqları ölçülür. Müsahibə mərhələsinin meyarları Nazirlər Kabineti tərəfindən təsdiqlənib və müəllimlərə elan edilib.
Bildirilib ki, həmçinin imtahanın test mərhələsinin çərçivə sənədində müxtəlif fənlər üzrə mövzular və sualların sayı artıq təhsilverənlərə elan olunub, bu da müəllimlərin imtahana hazırlaşmasına kömək edir. İmtahandakı mövzular üzrə suallar müəllimlərin bilik və bacarıqlarını nəzəri və praktik şəkildə, metodika və pedaqogikadan situativ suallar isə müəllimlərin tədris prosesinə pedaqoji yanaşmasını ölçməyə xidmət edir.
Görüşdə müzakirələr aparılıb, müəllimləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Regionlar 2024-04-08 21:12:00