×
A
A
A
Sazlamalar

ADPU-nun Şəki filialında Aprel döyüşlərinə həsr olunmuş elmi seminar keçirilib

Bakı, 8 aprel, AZƏRTAC

Aprelin 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Humanitar fənlər kafedrası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “4 günlük müharibə - Aprel döyüşləri Vətən müharibəsindəki Zəfərimizin başlanğıcı kimi” mövzusunda elmi seminar keçirilib.
Əvvəlcə vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, elmi seminarda filialın tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən Vüsal Baxışov 2016-cı ilin Aprel döyüşləri və onun tarixi əhəmiyyəti barədə fikirlərini bölüşüb. O qeyd edib ki, məhz bu 4 günlük müharibə Vətən torpaqlarının azad olunması uğrunda mübarizəmizin başlanğıcı hesab oluna bilər. Dövlət-xalq-ordu birliyi nəticəsində 2020-ci ildə tarixi Zəfər qazanıb və bu gün ölkəmizin suveren hüquqları bütün Azərbaycan Respublikası ərazisində bərqərar olub.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Minarə Məmmədhüseynova “Aprel döyüşləri – Böyük Zəfərin başlanğıcıdır” mövzusunda məruzə edib. O, məruzəsində Aprel döyüşlərindəki qələbənin Azərbaycanın beynəlxalq nüfuzuna təsirindən danışıb.
Seminarda, həmçinin ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının baş müəllimi Tahir Məhərrəmovun məruzəsi dinlənilib. O, Ümummilli Lider Heydər Əliyevin və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlar barədə söhbət açaraq, bu tarixi fəaliyyətin əməli nəticəsinin Aprel döyüşlərində əldə olunduğunu qeyd edib. Məruzəçi Aprel döyüşlərinin Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizənin əsas tarixi dönüş anlarından biri olduğunu vurğulayıb.
Çıxışlardan sonra seminar müzakirə formatında davam etdirilib.

Elm və təhsil 2024-04-08 20:14:00