×
A
A
A
Sazlamalar

İnstitutda dəyirmi masa: “Car-Balakənin çar Rusiyası tərəfindən işğalı 220”

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Car-Balakənin çar Rusiyası tərəfindən işğalı 220” mövzusunda dəyirmi masa keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, dəyirmi masada professor Hacı Həsənov Car-Balakən ərazisinin tarixinə nəzər salıb. Qeyd edib ki, XVIII əsrin sonunda çar Rusiyası Car-Balakən üçün real təhlükə olmağa başladı: “Bu ərazi rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliləməsi yolunda ciddi maneə idi. Şərqi Gürcüstana, Dağıstana və Şəki xanlığına çıxış yolu olan Car-Balakən əlverişli strateji mövqeyə malik idi. Bütün Qafqazın işğalı Car-Balakəndən başlayırdı. Yalnız Car Balakəni işğal etdikdən sonra Rusiya Şərqi Gürcüstanda möhkəmlənə bilər, azadlıqsevər dağlı tayfalarını diz çökdürə bilərdi.
Rus qoşunlarının Car-Balakən üzərinə hücumu 1803-cü il martın 2-də başladı. Martın 8-də Balakən ələ keçirildi. Aprelin 12-də Tiflisdə Car-Balakən camaatlığının və İlisu sultanlığının Rusiyanın itaətinə keçməsi haqqında “Andlı öhdəlik” (müqavilə) imzalandı. Beləliklə, Rusiya imperiyası Car-Balakən camaatlığını işğal etdi və Azərbaycan xanlıqlarına gedən yolu açdı”.
Dəyirmi masada dosent Ramil Niftəliyevin “Car-Balakənin çar Rusiyası tərəfindən işğalı”, dosent Vidadi Umudlunun “12 aprel 1803-cü il “Andlı öhdəliyi”, dosent Ənvər Məmmədovun “Car-Balakən camaatları işğal ərəfəsində”, professor Hacı Həsənovun “P.D. Sisianov rus işğalının bariz ifadəsi” mövzusunda məruzələri dinlənilib.
Sonda məruzələr ətrafında müzakirələr aparılıb.

Elm və təhsil 2024-04-08 19:29:00