×
A
A
A
Sazlamalar

Azərbaycan və Türkiyə alimləri apardıqları müştərək beynəlxalq tədqiqatları genişləndiriblər

Bakı, 8 aprel, AZƏRTAC

Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu Türkiyənin Atatürk və Bartin Universitetləri ilə beynəlxalq elmi əməkdaşlığını ildən-ilə genişləndirir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müştərək beynəlxalq tədqiqatlar yeni mərhələdə davam etməkdədir. “Canlı orqanizmin bəzi patoloji proseslərin yeni nəsil inhibitorları”nın yaradılması istiqamətində bioüzvi kimyəvi tədqiqatlar nəticəsində onlarla mühüm nəticələr əldə olunub və həmin nəticələr indiyə qədər dünyanın nüfuzlu elmi bazalarında arxivləşən yüksək impakt faktorlu jurnallarında 50-dən çox məqalə şəklində dərc olunub.
İnstitutun aparıcı alimlərinin Türkiyənin Atatürk Universitetindən olan həmkarları ilə birlikdə apardıqları müştərək elmi tədqiqatların mühüm nəticələri növbəti məqalə şəklində Q2 kateqoriyalı “Web of Science” bazasında impakt faktoru 2.9, “Scopus” bazasında impakt faktoru 3.9 olan dünyaca məşhur “Wiley” nəşriyyatının “Chemistry & Biodiversity” jurnalında dərc olunub.
Sənaye, tibb, biotexnologiya və kimya texnologiyası kimi müxtəlif sahələrdə geniş istifadə oluna bilən 1,3-Diheterotsiklikoalkanların yeni alkoksimetil törəmələrinin sintezi və karbonik anhidraz və asetilkolinesteraza ferment-izofermentlər üzrə inhibitor təsirlərinin öyrənilməsinə həsr olunub. Alimlərin müfəssəl araşdırmaları nəticəsində məlum olub ki, yeni törəmələr canlı orqanizmlərdə gedən bir çox patoloji proseslərdə effektiv inhibə təsiri göstərirlər.

Elm və təhsil 2024-04-08 18:30:00