×
A
A
A
Sazlamalar

Vaqif Fərzəliyev: Özəl sektorun elmi tədqiqatları maliyyəşləşdirməsi təşviq edilməlidir

Bakı, 8 aprel, AZƏRTAC

“Azərbaycanın 2024-cü il dövlət büdcəsindən elmin maliyyələşdirilməsi üçün 228,8 milyon manat vəsait ayrılıb. Bu rəqəm ötən illə müqayisədə 3,5 milyon manat və ya 1,5 faiz çoxdur. Hər il olduğu kimi, bu il də dövlət büdcəsi müzakirə olunarkən elmə ayrılan vəsaitin yetərli olmadığı vurğulandı”.
Bu fikri AZƏRTAC-a açıqlamasında Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Fərzəliyev söyləyib. O bildirib ki, elmin təkcə dövlət büdcəsi hesabına maliyyələşməsi gözlənilən elmi-texniki tərəqqinin əldə edilməsi üçün yetərli deyil. Maliyyələşmə məsələsində ənənəvi üsullar saxlanılmaqla, qabaqcıl ölkələrin tətbiq etdiyi fərqli yanaşma da olmalıdır: “Nəzərə almaq lazımdır ki, hər bir dövlətin iqtisadiyyatı üç nəhəng dayaq üzərində qurulur – elm, təhsil və istehsalat. İqtisadiyyatın inkişaf sürəti bu dayaqların vəhdətindən asılıdır. Elmi məqsədlərə yönələn vəsaitlərin təkcə dövlət büdcəsindən olmaması üçün özəl, kommersiya şirkətləri, biznes strukturlarının nəzdində elmi fondlar fəaliyyət göstərməlidir. Təsəvvür edin, dünyada dövlətlərlə yanaşı, özəl şirkətlərin də elmi xərcləri böyük həcmləri əhatə edir. “Samsung”, “Google”, “Apple”, “Intel”, “Roche”, “Mercedes”, “Toyota”, “Merck”, “Meta” və sair şirkətlərin hər biri ildə elmi araşdırma və inkişafa milyardlarla dollar vəsait xərcləyirlər.
Təkcə qardaş Türkiyənin özündə böyük universitetlərin tədqiqat işlərinin arxasında nəhəng şirkətlər, holdinqlər dayanır. Təsəvvür edin, XXI əsr texnoloji mübarizə silahı olan “Bayraktar”ın pilotsuz uçuş aparatlarının yaradılması üçün elmi fəaliyyətlərə təxminən 270 milyon dollar vəsait xərclənib. Ümumiyyətlə, Türkiyədə elm sahəsinə yönələn vəsaitlər ümumi daxili məhsulun (ÜDM) 2 faizi həcmindədir.
Beynəlxalq təcrübəni nəzərə alsaq, Azərbaycanda da özəl sektorun məqsədli elm və inkişaf fondları olmalıdır. Onlar əhəmiyyətli və qısa zamanda dönüş yarada biləcək elmi-texniki nəticələrin əldə edilməsi üçün elmin ayrıca götürülmüş sahəsinin və ya istiqamətinin inkişafına böyükhəcmli qrantın verilməsi yolu ilə institut və tədqiqat universitetlərinə tələb olunan ən müasir elmi cihaz, avadanlıq, qurğular alınması, paralel olaraq bunlarda işləyə bilən kadrların xaricdə hazırlığı və sair kimi məsələlərin həllini nəzərdə tutan pilot, o cümlədən axtarış-innovasiyayönlü layihələri maliyyələşdirməlidir. Xüsusən, dünyanın aparıcı elm mərkəzlərinin önəm verdiyi fizika-riyaziyyat və texnika elmləri, yer haqqında elmlər, biologiya, tibb və aqrar elmləri, kimya elmləri sahələrini əhatə edən fundamental və tətbiqi xarakterli layihələrin özəl sektorun vəsaitləri hesabına maliyyələşdirilməsi məqsədəuyğundur”.
Vaqif Fərzəliyev hazırda Azərbaycanda özəl sektorun elmə hansı həcmdə vəsait yönəltdiyinə dair konkret məlumatın olmadığını bildirib. O, SSRİ dövründə istehsalat müəssisələrinin hamısının dövlətə məxsus olduğundan və əsasən xaricdən texnologiyalar gətirilmədiyi üçün elm-istehsalat əlaqələrinin həddindən artıq möhkəm olduğunu vurğulayıb: “SSRİ dağıldıqdan sonra Azərbaycan keçmiş sovet respublikaları kimi sosialist iqtisadiyyatından bazar iqtisadiyyatına keçdi və istehsal müəssisələrinin, demək olar, əsas hissəsi özəl sektora keçdi və bununla əlaqədar elm-istehsalat vəhdəti də dəyişildi. Özəl müəssisələrin əksəriyyəti asan yolla gedərək xaricdən hazır texnologiyaları gətirib tətbiq etdi və ölkə elminə investisiya yatırımı çox aşağı düşdü.
Söylədiyim faktlardan göründüyü kimi, inkişaf etmiş ölkələrdə elm-istehsalat vəhdəti həddindən artıq möhkəmdir və özəl müəssisələrin çoxu elmi mərkəzlərdə nəinki tətbiqi işlərə, hətta fundamental tədqiqatlara investisiya qoyurlar, çünki hər bir yeni texnologiya fundamental tədqiqatların nəticəsində əldə olunur.
Azərbaycan reallığında qeyd olunan yanaşmaya çox təsadüfi hallarda rast gəlmək olur. Lakin az olsa da bu istiqamətdə fəaliyyət göstərən şirkətlər var.
Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu olaraq qeyd edilən istiqamətdə sıx fəaliyyət göstərən iki özəl şirkəti böyük məmnuniyyətlə qeyd etmək istəyirəm. Həmin şirkətlər direktoru Elxan Cəfərov olan “Elroys” MMC və direktoru İsmayıl Kazımov olan “İselTexno” MMC-dir. “Elroys” MMC ilə birgə fəaliyyətimizin mühüm nəticəsi “Depressator AKİ” aşqarının yaradılması və tətbiqi ilə bağlıdır. Bu aşqar institut alimlərinin müstəqillik dönəmində ən uğurlu tətbiqi işlərindən biri olmaqla, Bakı-Tbilisi-Ceyhan kəmərinə vurulan Qazaxıstan və Türkmənistanın yüksək parafinli neftlərinin donma temperaturu və dinamik özlülüyünü aşağı salmaqla onların boru kəmərləri ilə uzaq məsafələrə nəql edilməsini təmin edir. Məhz “Elroys” MMC-nin maliyyə dəstəyilə hazırda onun istehsalı “Aşqar” Elmi İstehsalat Birliyində təşkil edilib və ondan müvəffəqiyyətlə istifadə edilir.
“İselTexno” MMC-nin isə institut ilə elmlə istehsalatın vəhdətinin inkişafı istiqamətini əhatə edən ekoloji problemlərin həllinə yönələn ən son uğurlu tətbiqyönlü elmi işidir. Bu da Balaxanı ərazisində min tonlarla yığılmış və ekoloji problem yaradan “turş qudron”un emal prosesinin yaradılması və emal məhsulunun istifadəsindən ibarətdir”.
“Problem ondan ibarətdir ki, Bakı Neft Emalı Zavodunun uzun illər ərzində fəaliyyəti nəticəsində əmələ gəlmiş turş qudron min tonlarla Abşeronun Balaxanı qəsəbəsi ərazisinə tullanaraq həddindən artıq ekoloji gərginlik yaratmışdır. Bu ekoloji gərginliyin azaldılması, ətraf mühitin sağlamlaşdırılmasına institut alimlərinin “İselTexno” ilə birlikdə verdiyi töhfə vaxtilə ərazidə fəlakət yaşanmasında əsas pay sahibi olan turş qudronun emal məhsulundan istifadə edərək mazut əsasında alınan qalıq yanacaqların özlülük və aşağı temperatur xassələrini yaxşılaşdıran əlavə yaratmasından ibarətdir.
Turş qudronun emalı prosesini həyata keçirərək və emal məhsulunu istifadə edərək həm mühüm texniki, həm də mühüm ekoloji problem həll edilmiş olur. Turş qudronun emal məhsulu artıq tətbiq edilir. Bu, həm ölkənin iqtisadi inkişafı, həm də ekoloji problemlərin həllini əhatə edir. Bu müştərək iş Azərbaycan patenti ilə müdafiə olunub.
Onu da qeyd edək ki, institutun istər “Elroys” MMC, istərsə də “İselTexno” ilə həyata keçirdiyi elmi nailiyyətlərin istehsalata tətbiqi işləri bir tərəfdən ölkənin iqtisadi inkişafına, digər tərəfdən ekoloji problemlərin həllinə yönəlib. Bu, həm də noyabrın 11-24-ü tarixlərində mötəbər tədbirə ev sahibliyi edəcək Azərbaycanın COP29 (Conference of the Parties), həm də Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkədə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili”nə böyük töhfədir. Çünki bu qeyd olunan qlobal tədbir və respublika miqyaslı yaşıllıq hərəkatının əsas məqsədi ekoloji problemlərin minimuma endirilməsi, ətraf mühitün sağlamlaşdırılmasıdır.
Ancaq çox təəssüf ki, yuxarıda qeyd olunan iki özəl şirkətin timsalında müsbət nümunələr barmaqla sayıla biləcək həddədir. Başqa sözlə desək, ölkəmizin dəqiq və təbiət elmləri üzrə ixtisaslaşmış məhdud sayda institutları təsərrüfat hesablı müqavilələr və büdcədənkənar fondlar hesabına yerinə yetirdikləri sifarişli elmi işlərin illik dəyəri 1 milyon manatdan çox deyil.
Bu gün ölkə üzrə iqtisadiyyatın ayrı-ayrı sahələrini əhatə edən ixtisaslaşmış elmi müəssisələr ölkə iqtisadiyyatının istehsal və emal sahələrinə böyük töhfə verə bilər. Xüsusən, sürtkü materialları, yanacaq, xüsusi mayelər kimi strateji məhsulların istehsalını daxili imkan əsasında həyata keçirmək mümkündür. Eyni zamanda, ölkənin real iqtisadiyyatına tətbiq olunan elmi işlərlə mövcud imkanlar əsasında təşkil olunan yerli istehsal daxili vəsaitin xaricə axmasının da qarşısını almış olar. Odur ki, bu işdə özəl sektor yaxından iştirak etməlidir”, - deyə Vaqif Fərzəliyev qeyd edib.

Elm və təhsil 2024-04-08 18:25:00