×
A
A
A
Sazlamalar

İrandan Azərbaycana 6 kiloqram narkotik vasitənin gətirilməsinin qarşısı alınıb

Bakı, 8 aprel, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları İrandan qeyri-ənənəvi üsullarla Azərbaycana göndərilən narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçiriblər.
Tədbirlərlə Cəlilabad rayon sakini 1984-cü il təvəllüdlü Mübariz Ağayev paytaxt ərazisində saxlanılıb. Ondan təmir işlərində istifadə olunan qara rəngli silikon qablarda yerləşdirilən 6 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.
Bu barədə AZƏRTAC-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, M.Ağayev həmin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Sadıx” adlı şəxsin tapşırığı ilə karqo şirkətlərindən birindən silikon qabların içərisində yerləşdirilmiş formada əldə etdiyini bildirib.
Saxlanılan şəxs narkotikləri pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imiş. Silikon qablarda aşkarlanan narkotiklər ölkəyə gətirilərkən onların yükləri skan edən rentgen aparatında oxunmaması üçün qablaşdırma zamanı xüsusi kimyəvi materiallardan istifadə olunub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat tədbirləri davam etdirilir.

Cəmiyyət 2024-04-08 18:14:00