×
A
A
A
Sazlamalar

Allahşükür Paşazadə: Builki Ramazan bayramı daha dəyərli və əlamətdardır

Bakı, 8 aprel, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan və dünya müsəlmanlarını təbrik edib.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təbrikdə şeyxülislam Allah-Taaladan hər kəsin oruc ibadətlərinin qəbul, dualarının müstəcab olmasını diləyib.
Qeyd edib ki, müsəlman dünyasında Ramazan bayramı mərhəmətin, qardaşlığın, həmrəyliyin və xeyir-bərəkətin qovuşduğu mübarək gündür. Ayeyi-şərifdə Uca Rəbbimizin Ramazanın mahiyyətinə verdiyi dəyər çox böyükdür. Ramazan ayı insanlara doğru yolu göstərən, haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır.
A.Paşazadə təbrikində, həmçinin bildirib: “Builki Ramazan bayramı bizim üçün daha dəyərli və əlamətdardır. Azərbaycan xalqı bu mübarək ayı Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər sevinci ilə yanaşı, separatçı rejimin süqutu - müqəddəs bayrağımızın Xankəndidə dalğalanması qüruru ilə qarşılayır. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində qalib Xalq - qalib Lider seçiminin qələbə sevinci bu Ramazanda xeyir-dualarla yad edilib. Azərbaycan tarixində Qarabağ Fatehi və Böyük Qayıdışın müəllifi adı qazanan, ölkəmizin bütün ərazisində suverenliyimizin tam bərpası kimi tarixi vəzifəni yerinə yetirən və prezidentliyinin yeni mərhələsinə qədəm qoyan dövlətimizin başçısı İlham Əliyevə, eləcə də bu çətin yolda yaxın sirdaşı və yoldaşı olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və bütün ailə üzvlərinə dindarlarımız adından dərin minnətdarlığımızı bildirir, bu mübarək günlərdə onlara ən böyük İlahi nemət olan cansağlığı, fədakar zəhmətlərinə uğurlar diləyirik”.
Diqqətə çatdırılıb ki, Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Ramazan bayramı aprelin 10-na təsadüf edir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.
Qeyd olunub ki, Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08:00, Təzəpir məscidində 09:00-a təyin edilib.

Cəmiyyət 2024-04-08 17:59:00