×
A
A
A
Sazlamalar

Ədəbiyyat İnstitutunda Qars-Qafqaz Universitetinin azərbaycanlı alimi ilə görüş

Bakı, 8 aprel, AZƏRTAC

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Qars-Qafqaz Universitetinin dosenti Afina Barmanbayla görüş keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbirdə Ədəbiyyat İnstitutunun direktor müavini dosent Mehman Həsənli Afina Barmanbayın Türkiyədəki elmi fəaliyyətinə toxunub, apardığı tədqiqatlardan danışıb. Mehman Həsənli qeyd edib ki, Afina Barmanbayın Qars-Qafqaz Universitetindəki fəaliyyəti Azərbaycan ədəbiyyatının Türkiyədə tanınmasında və Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrinin inkişafında önəmli rol oynayır. O, Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyənin nüfuzlu elmi qurumları arasında əlaqələrin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib, AMEA-da TÜBİTAK-ın ofisinin açılmasını bu əlaqələrin zirvəsi adlandırıb.
Afina Barmanbay çıxışında bu institutda çalışdığı illəri və Əhməd Cavad haqqında yazdığı dissertasiya işinin müdafiəsini xatırlayıb. Afina Barmanbay Türkiyədə Azərbaycan ədəbiyyatının tanıdılması istiqamətində gördüyü işlərdən danışıb, institut əməkdaşlarını son nəşrləri ilə tanış edib. Qonaq xüsusi olaraq bildirib ki, Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrinin inkişafında Ədəbiyyat İnstitutu xüsusi rol oynayır. O, gələcəkdə də bu əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Filologiya elmləri doktoru İmamverdi Həmidov çıxışında Afina Barmanbayın Türkiyədəki fəaliyyətini yüksək qiymətləndirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Professor Tahirə Məmməd Afina Barmanbayla olan əlaqələrindən və bu əlaqələrin Türkiyədə Azərbaycan ədəbiyyatının təbliğində oynadığı roldan danışıb. O, Afina Barmanbayın şəxsiyyətinə yüksək qiymət verərək onu atası Əflatun Saraclının layiqli davamçısı adlandırıb.
Tədbirdə professor Asif Rüstəmli, AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Kifayət İmamquliyeva, Bakı Avrasiya Universitetinin müəllimləri Sima Cəfərova və Seyfəddin Altaylı çıxış ediblər. Çıxışlarda Afina Barmanbayın elmi tədqiqatlarının əhəmiyyəti vurğulanıb.

Elm və təhsil 2024-04-08 16:18:00