×
A
A
A
Sazlamalar

Yaşıl Enerjiyə Keçid yeni və dinamik iş bazarı və karyera imkanları yaradır

Bakı, 8 aprel, AZƏRTAC

Dünyanın ən nəhəng qazıntı yanacağına malik ölkələrindən olan Amerika Birləşmiş Ştatları 20-ci əsrin əvvəllərində ətraf mühitlə bağlı ciddi problemlər yaşayırdı, havaya buraxılan karbon qazı o dərəcədə çox idi ki, burada turşulu yağışlar yağır, ekosistemi, infrastrukturu, əkin sahələrini və eləcə də, biomüxtəlifliyi məhv edirdi. Bunun qarşısını almaq üçün bir mexanizm yox idi. Bunu AZƏRTAC-a “Sağlamlığa Xidmət” İctimai Birliyinin rəhbəri Pərvanə Vəliyeva yaşıl enerjiyə keçidin vacibliyi barədə danışaraq deyib.
Ekspert bildirib ki, 1990-cı illərdə ABŞ hökuməti karbon istehsalını azaltmaq üçün eksperiment aparmaq məqsədilə qanun qəbul edib. Karbon emissiyasının azaldılması üçün təklif edilən həll yolu ABŞ tərəfindən ilk dəfə təklif edilən “cap and trade” adlı sənədin imzalanması ilə tapıldı. Bununla da yeni bazar yaradıldı. Hazırda məşhur olan “Carbon market” ifadəsi bu zaman ortaya çıxdı.
Bu yol karbon emissiyasına cavabdeh olan qurumların vəsait ödəməsi idi, yəni karbondan istifadənin artıq qiyməti vardı və bu vergi mexanizmi ilə tənzimlənirdi. Çirkləndiricilər emissiyalarının planetə vurduğu mənfi təsirin əvəzini ödəməli idilər. Bu mexanizm tətbiq edilməyə başlandıqdan 8 il sonra ABŞ-ın şərq hissəsində turşulu yağışların səviyyəsi 20 faiz azaldı, bəzi yerlərdə isə bir daha yağmadı. Bu illər ərzində şirkətlər təmiz enerji yollarını axtarmağa başladılar və yaşıl enerjiyə keçid strategiyaları belə yarandı.
1997-ci ildə qəbul edilmiş beynəlxalq iqlim sazişi - Kyoto Protokolu ABŞ-ın karbonun qiymətləndirməsi üsulunun geniş tətbiqini təklif etdi. Bundan sonra hər ölkə öz karbon bazarını – karbon istehsalı üzrə tənzimləmələri daxildə qurmağa başladı.
Hökumət sənaye müəssisələri tərəfindən buraxıla biləcək karbonun miqdarına limit qoydu, limit xüsusi icazələr şəklində tətbiq edildi. Bu lisenziyaları hökumət müəssisələrə satırdı. Əgər sənaye müəssisəsi öz icazəsində qeyd olunan miqdarda karbon emissiya etmirdisə, icazənin geri qalan hissəsini satırdı. Əgər müəssisə daha çox karbon buraxacaqdısa, o zaman icazəsini istifadə etməyən müəssisələrdən satın ala bilərdi. Hər il bu sistem daha da ciddiləşməyə başladı və icazələr daha da bahalaşdı.
Bu sistem sənayeləri bacardıqları qədər karbon emissiyasını azaltmağa vadar edir və təmiz iqtisadiyyata keçidi stimullaşdırır. Buna baxmayaraq, qiymətlər böyük müəssisələr üçün o qədər də baha sayılmır. Bəzi iqtisadçılar hesab edirlər ki, Paris Sazişinin hədəflərinə çatmaq üçün karbonun qiyməti 1 ton üçün 50-100 ABŞ dolları məbləğində olmalıdır. Bundan əlavə, icazələri düzgün istifadə etməyən müəssisələr üçün cərimələrin miqdarı da çox aşağıdır. Məsələn, Avropa İttifaqında icazədən əlavə istehsal olunmuş karbonun hər tonu üçün cərimə 100 avrodur. Bu məbləğin icazə sənədindən çox da baha olmadığını nəzərə alsaq, prosesləri tənzimləmək daha da çətinləşir.
Ekoloji fəallar düşünürlər ki, karbon emissiyasına məsul bizneslər öz mənfəətlərini ətraf mühit proqramlarının inkişafına və yaşıl enerjiyə keçid üçün fəaliyyətlərə sərf etməlidir. Yaşıl enerjidən istifadə iqlim dəyişikliyini azaltmağa və qlobal istiləşməni məhdudlaşdırmağa kömək edir.
Hazırda dünya dövlətləri Paris Razılaşmasının tələblərini yerinə yetirərək qlobal istiləşməni 1.5 dərəcəyədək məhdudlaşdırmaq üçün bütün mövcud səyləri səfərbər edirlər. Bu razılaşmanın öhdəliyini yerinə yetirməyin əsas yolu enerji istehsalında alternativ və bərpa olunan enerji resurslarından istifadə edərək, qazıntı yanacağı yandırmağı azaltmaq və yaşıl iqtisadiyyata keçməkdir.
Yaşıl enerji sənayesinin inkişafı nəticəsində yeni iş yerləri yaranır. Regionlarda günəş enerjisinin istifadəsi üzrə yaradılan “solar” parklarda region əhalisi üçün əlavə iş yerləri açılır. Bu da regionların inkişafı və davamlı inkişaf üçün vacib amillərdən biridir.
2050-ci ilə qədər Paris Sazişinin “net zero” (xalis sıfır) hədəflərə çatmağın nəticəsi olaraq, yaşıl enerjiyə keçid bazarı üzrə iş yerlərinin və mütəxəssislərin bu sahəyə axını gözlənilir.
Təmiz enerjiyə keçid və karbonsuzlaşdırma səyləri bütün dünyanın gündəmindədir. Bu günədək əksər ölkələr 2050-ci ilə qədər buna nail olmaq məqsədilə xalis sıfır emissiya öhdəliyi götürüblər.
Əslində, təxmin edilir ki, bu məqsədə çatmaq 14 milyon yeni iş yerinin açılmasını tələb edir və eyni zamanda, təxminən beş milyon işçini də qazıntı yanacağı sektorlarından uzaqlaşdırır.
Təbii ki, bu iddialı hədəflərə çatmaq üçün müəssisələr daha hazırlıqlı və bacarıqlı şəxsləri işə götürməlidir. HR mütəxəssisləri işçilərin bacarıqlarını necə yüksəltmək və onların bizneslərinin inkişaf edən bazarla necə ayaqlaşa biləcəyindən xəbərdar olmalıdırlar. Yaşıl enerji sektoru iddialı, həvəsli insanlar üçün cəlbedici karyera seçimidir.
Artıq karbonsuz elektrik istehsalına keçid enerji sənayesinin yönünü dəyişdirir. Bu keçid nəinki dünyaya iqlim dəyişikliyi ilə bağlı mübarizədə məqsədlərinə nail olmağa kömək edəcək, həm də enerji sənayesində yeni və dinamik iş bazarı və karyera imkanları yaradır və yaratmaqda davam edir. Beləliklə, yaşıl enerjiyə keçid dünyada mövcud qlobal işsizlik böhranına da töhfə verəcək.
Yaşıl enerjiyə keçid Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkənin enerji balansında “yaşıl enerji” mənbələrindən əldə edilən enerjinin payının getdikcə artırılmasına nail olmaq enerji sektorunda aparılan islahatların əsas məqsədlərindəndir. Azərbaycan “yaşıl enerji” sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayədarlarla fəal əməkdaşlıq edir.
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “bp”, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə Azərbaycanda bərpaolunan enerji istehsalına dair müqavilələr imzalanıb. Bundan əlavə, Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə layihələr həyata keçirilir.
Azərbaycan 2030-cu ilədək bərpaolunan enerji həcminin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması ilə bağlı qlobal təşəbbüsə qoşulub. Ölkənin əlverişli coğrafi mövqeyi və iqlim şəraiti yaşıl enerji istehsalı üçün geniş imkanlar yaradır. Külək, günəş, dağ çayları, biokütlə və geotermal su mənbələri hesabına bərpaolunan enerji istehsalı sahəsində böyük uğurlar əldə edilir. Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt həcmindədir.
Qarabağ və Şərqi Zəngəzur, həmçinin Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonaları elan olunub.
Yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycan dövlətinin enerji siyasətində əsas istiqamətlərdən biridir. Azərbaycan 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmağı planlaşdırır. 2023-cü ildə Azərbaycanda Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyası istifadəyə verilmiş və bu cür yeni stansiyaların tikintisi davam edir. Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq “yaşıl enerji” elektrik kabelinin inşası istiqamətində mühüm işlər görülür.

 

Dünya 2024-04-08 11:11:00