×
A
A
A
Sazlamalar

Yeni Zelandiya əmək miqrantlarının sayını azaldacaq

Bakı, 8 aprel, AZƏRTAC

Yeni Zelandiya əmək bazarını qorumaq və işsiz vətəndaşların sayını azaltmaq üçün miqrant işçilərin sayını məhdudlaşdıracaq.
AZƏRTAC xəbər verir ki, Yeni Zelandiya radiosu bu barədə immiqrasiya naziri Erika Stenforda istinadla məlumat yayıb.
Nazirin sözlərinə görə, aprelin 8-dən ölkənin miqrasiya qanunvericiliyində qüvvəyə minən bir sıra dəyişikliklər əmək miqrantlarının sayını azaldacaq, işəgötürənlərin diqqətini yerli resurslara yönəldəcək. Xaricdən yalnız yüksək ixtisaslı mütəxəssislər cəlb ediləcək.
Yeni qanunvericiliyə əsasən, miqrant işçilərdən ingilis dilini bilmələri tələb olunacaq. Eyni zamanda onların bilik və təcrübəsi tutduğu vəzifə üçün minimum tələblərə cavab verməlidir. Əmək miqrantlarının Yeni Zelandiyada qalma müddəti əvvəlki kimi beş deyil, üç illə məhdudlaşdırılacaq.
“Ötən il ölkəyə 52 min aşağı ixtisaslı əmək miqrantı cəlb etdik və nəticədə 20 mindən çox vətəndaşımız işsiz qaldı. Bizim vəzifəmiz ilk növbədə ölkə vətəndaşlarını işlə təmin etməkdir”, - deyə Erika Stenford bildirib.
Tətbiq olunan dəyişikliklər Yeni Zelandiyanın miqrasiya qanunvericiliyini qonşu Avstraliyada tətbiq olunan standartlara yaxınlaşdırır.

Dünya 2024-04-08 13:36:00