×
A
A
A
Sazlamalar

Bundesver hərbçilərinin Litvada yerləşdirilməsinə başlanılır

Bakı, 8 aprel, AZƏRTAC

Litvada dislokasiya olunacaq Bundesver briqadasının birinci qrupu Baltik respublikasına göndərilir.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Litvanın müdafiə naziri Laurinas Kascyunas bildirib. Onun sözlərinə görə, Litvaya göndərilən ilk qrupda təxminən 20 hərbçi olacaq.
İlin sonunadək Litvada dislokasiya olunacaq briqadanın şəxsi heyətinin sayının 150 nəfərə çatdırılması planlaşdırılır. Hərbi ekspertlər yerdəyişmə variantlarını, infrastruktur obyektlərinin Bundesverin tələblərinə uyğunluğunu qiymətləndirəcək.
Almaniyalı hərbçilərin 80 faizi Litvanın cənubundakı Şalçininki rayonunun Rudninkay kəndi yaxınlığındakı təlim poliqonunda, qalanları isə ölkənin mərkəzindəki Yonava rayonunun Rukla şəhərində yerləşdiriləcək.
Qeyd edək ki, 2023-cü il dekabrın ortalarında Litva və Almaniyanın müdafiə nazirləri Arvidas Anuşauskas və Boris Pistorius Baltikyanı respublikada Bundesver briqadasının yerləşdirilməsi ilə bağlı iş planını təsdiqləyib. Cari ilin ikinci yarısında tərəflər bu istiqamətdə hökumətlərarası saziş imzalamaq niyyətindədi. 2027-ci ilədək regionda yerləşdiriləcək 4,8 min hərbçidən ibarət briqada tank batalyonu və mexanikləşdirilmiş zirehli piyada batalyonundan təşkil olunacaq.

Dünya 2024-04-08 11:54:00