×
A
A
A
Sazlamalar

Rustavi şəhərində Gürcüstan Azərbaycanlılarının Təhsil və Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb

Tbilisi, 6 aprel, AZƏRTAC

Gürcüstanın ikinci ən böyük şəhəri olan Rustavidə Gürcüstan Azərbaycanlılarının Təhsil və Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə ödənişsiz dil kursları təşkil olunacaq.
Mərkəzin rəhbəri Raida Dərziyeva AZƏRTAC-a müsahibəsində belə bir mərkəzin açılmasını mühüm hadisə adlandırıb.
O deyib: “Gürcüstanın müxtəlifliyi bir dəyərdir və bu dəyər qorunub saxlanılmalıdır. Ölkədə yaşayan milli azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyası elə formada həyata keçirilməlidir ki, onların etnik və milli mənsubiyyəti qorunub saxlanılsın”.
Onun sözlərinə görə, Gürcüstan hökuməti azərbaycanlı vətəndaşların gürcü ictimaiyyətinə inteqrasiyasına böyük diqqət göstərir.
R.Dərziyeva bildirib kı, mərkəzdə 165 şagird səviyyə və yaşlarına uyğun olaraq 10 qrupda Azərbaycan, gürcü və ingilis dilləri üzrə təhsil alacaq.
Rustavi şəhərinin azərbaycanlı icması tərəfindən təqdir və rəğbətlə qarşılanan dil kursları Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşan layihə çərçivəsində həyata keçirilir.
Mərkəzdə soydaşlarımızın inteqrasiyası, eləcə də, milli mədəniyyətimizin qorunub saxlanması istiqamətində yeni layihələr üzərində iş aparılır.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Diaspor 2024-04-06 21:53:00