×
A
A
A
Sazlamalar

Almaniyada cinayətkarlıq artıb

Bakı, 6 aprel, AZƏRTAC

Ötən il Almaniya polisi əvvəlki illərlə müqayisədə daha çox cinayət faktı qeydə alıb.
AZƏRTAC Almaniya mediasının məlumatına istinadla xəbər verir ki, 2023-cü ildə ölkədə cinayətlərin sayı 2022-ci illə müqayisədə 5,5 faiz artaraq 6 milyona yaxın olub. Bu ölkədə zorakılıq və ev oğurluğu hallarına daha çox rast gəlinir.
“Welt am Sonntag” nəşri yazır ki, zorakılıq cinayətlərinin sayı son 15 ildə ən yüksək həddə - təxminən 215 min hadisəyə çatıb. Buraya təhlükəli və ciddi bədən xəsarətləri də daxildir: yeni maksimum hədd təxminən 155 min hadisə idi.
“Welt am Sonntag”ın məlumatına görə, ötən il evlərdən oğurluqlar əvvəlki ilə nisbətən daha çox olub. İl ərzində bu rəqəm 18,1 faiz artaraq 77 819 hadisə təşkil edib. Berlin bu cinayətlər üzrə liderdir, burada 8323 oğurluq cinayəti qeydə alınıb.
Bu qəzetə müsahibə verən Aşağı Saksoniyanın daxili işlər naziri Daniela Berens bu artımın mümkün səbəbləri kimi inflyasiya, koronavirus pandemiyasından sonra daha yüksək hərəkətlilik və miqrasiya axınını göstərir.
Şimali Reyn-Vestfaliya əyalətinin daxili işlər naziri Herbert Royl qəzetə deyib ki, ölkədə ictimai əhvali-ruhiyyə də dəyişib: “Münaqişələr getdikcə sözlə deyil, yumruqla həll olunur”.

 

 

Dünya 2024-04-06 15:49:00