×
A
A
A
Sazlamalar

Avropada qaradərililərə və digərlərinə qarşı diskriminasiya halları artıb - SORĞU

Bakı, 6 aprel, AZƏRTAC
Avropada qaradərili və digər xalqların nümayəndələrinin hüquqlarının pozulması və diskriminasiyaya məruz qalmaları artıq adi hal alıb. Başqa ölkələrdə insan hüquqlarının qorunması haqqında yüksək bəyanatlar səsləndirən avropalı siyasətçilər öz ölkələrində baş verən qanunsuzluqları “görmür”, yaxud görmək istəmirlər.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının İnsan Hüquqları üzrə Agentliyinin 2023-cü ildə Avropanın bir sıra ölkələrində keçirdiyi sosioloji sorğunun nəticələri yumşaq desək, təəccüb doğurur. Avstriya, Belçika, Finlandiya, Fransa, Almaniya, İspaniya, İsveç, Portuqaliya və İtaliyada rəyi soruşulan afrikalıların 45 faizi mütəmadi olaraq diskriminasiyaya məruz qaldıqlarını bildiriblər. Agentliyin hesabatında nəzərə çatdırılır ki, 2016-cı ildə keçirilən sorğuda adıçəkilən ölkələrdə yaşayan qaradərililərin 39 faizi diskriminasiyaya məruz qaldıqlarını bildiriblər. Yəni, bu illər ərzində hüququ pozulanların sayında 6 faiz artım müşahidə edilib.
Qaradərililərin polis tərəfindən vəhşicəsinə döyülməsi, heç bir sübut və əsas olmadan cinayət məsuliyyətinə cəlb olunma halları getdikcə artır. Avropa ölkələrində yaşayan və həmin ölkənin vətəndaşları olanlar sosial liftdən istifadə edə bilmirlər. Onlar aşağı vəzifələrdə, ağır işlərdə və həmin ölkənin vətəndaşı olmasına baxmayaraq daim polis nəzarətində olurlar. Almaniyanın qeyri-alman vətəndaşlarının 54,8 faizi mütəmadi olaraq irqi ayrı-seçkiliyə məruz qalırlar. Fransızların 46,8 faizi başqa millətlərin nümayəndələri ilə ailə qurmağın əleyhinədirlər.

Böyük Britaniyada yaşayan qaradərili yazıçı xanım Reni Eddo-Loc bildirib: “İlk baxışdan Qərbdə aparteida (irqi ayrı-seçkiliyin ən kəskin forması – red.) sistemi yoxdur və ağdərililər bu sistemə qarşı çıxırlar. Lakin hadisə və proseslərə baxanda bunun belə olmadığını görmək olar. Ağdərililər hər yerdə instinktiv olaraq özlərini qaradərililərdən ayırır və üstün hesab edirlər”.
Professor Əhməd Hanker X sosial şəbəkəsindəki platformasında yazır ki, “Böyük Britaniyada qaradərililər digərlərindən fərqli olaraq 4 dəfə daha çox məsuliyyətə cəlb olunurlar ki, bu da irqi ayrı-seçkiliyin göstəricisidir”.
Almaniyanın İnsan Hüquqları Təşkilatının X sosial şəbəkəsindəki platformasında deyilir: “Almaniyada qaradərili olmaq çox təhlükəlidir. Bu insanlar irqi ayrı-seçkilikdən əziyyət çəkirlər. Onlar hər gün müxtəlif cür təqiblərə məruz qalırlar”.
Afrikalı miqrantlar Avropa dövlətləri üçün çox ucuz işçi qüvvəsi kimi istifadə olunurlar. Uzun illər boyu Avropanın koloniyası olan Afrika ölkələrində iqtisadi, siyasi, sosial və mədəni strukturlar dağıdılıb, insan resursları məhv edilib, “Qara qitə”yə elə bir zərbə vurulub ki, onlar hələ də özlərini toparlaya bilmirlər.

 

 

Dünya 2024-04-06 13:47:00