×
A
A
A
Sazlamalar

Dubayda vəfat etmiş ukraynalı qızın xatirəsinə məscid tikilir

Bakı, 6 aprel, AZƏRTAC

Dubayda İslam dinini qəbul etdikdən az sonra vəfat edən ukraynalı gənc qızın xatirəsinə yeni məscidin tikintisinə başlanılıb. Layihəni İslami İnformasiya Mərkəzini idarə edən Dar Al Ber cəmiyyəti həyata keçirir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, 29 yaşlı turist Darya Kotsarenkonun 2024-cü il martın 25-də İslamı qəbul etdiyi və az sonra dünyasını dəyişdiyi qeyd edilir. Onun qəfil ölümünün səbəbinin infarkt olduğu güman edilir. Məscid Dubayda 812 kvadratmetr sahədə tikiləcək. Binanın özünün sahəsi 613 kvadratmetr olacaq.
Məscidin birinci mərtəbəsinin 208 dindar yeri olan kişi ibadət zalına ayrılması planlaşdırılır. Burada qadınlar üçün zal və dəstəmaz otaqları, imamın iqamətgahı da olacaq. Minarənin hündürlüyü 33 metrə çatacaq. Artıq tikinti üçün tələb olunan 4 milyon dirhəmdən 515 min dirhəm yığılıb.
Mərhumun BƏƏ-də nə ailəsi, nə də qohumları var, lakin onun dəfnində yüzlərlə müsəlmanın iştirak etdiyi bildirilir. Qız Dubaya ilk dəfə üç il əvvəl gəlib, yerli mədəniyyətə və dinə səmimi maraq göstərib. O, başqa şəhərləri araşdırıb və Dubaya qayıtdıqdan sonra İslamı qəbul edib.
Onu İslami İnformasiya Mərkəzinə gətirən yaxın dostu Mərvan Hussam deyib ki, İslam dini Daryanı bir çox səbəblərdən, o cümlədən təvazökarlıq, dürüstlük və təqva, eləcə də möhkəm qohumluq əlaqələri baxımından cəlb edib.
İslam Mərkəzində çalışan könüllü müəllim Daryanın dini oruc zamanı dünyasını dəyişdiyini bildirib.
Daryanın anası və bacısı dəfn mərasimindən sonra İslam Mərkəzinə baş çəkib, orada onlara lazımi köməklik göstərilib, başsağlığı verilib. Onları, həmçinin İslam Mərkəzinin təşkil etdiyi iftarda iştirak etməyə dəvət ediblər.

 

Dünya 2024-04-06 13:30:00