×
A
A
A
Sazlamalar

BMT Sudanda aclıq və qida çatışmazlığı ilə bağlı xəbərdarlıq edir

Bakı, 6 aprel, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı Sudanda aclıqla bağlı vəziyyətin pisləşməsi barədə xəbərdarlıq edir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Ümumdünya Ərzaq Proqramının ölkə direktoru Eddi Rou Sudanda misli görünməmiş aclıq və qida çatışmazlığı ilə bağlı narahatlığını ifadə edib. Onun sözlərinə görə, Çaddan humanitar dəhlizin müvəqqəti bağlanması, davam edən döyüşlər, humanitar yüklərin çatdırılmasında mövcud bürokratik əngəllər insanların ərzaq ehtiyaclarını ödəmək üçün lazımi miqyasda fəaliyyəti qeyri-mümkün edib.
Bəyanatda həmçinin qeyd olunub ki, Ümumdünya Ərzaq Proqramı müharibədən əziyyət çəkən Darfura aylar sonra çox ehtiyac duyulan qida və qida ehtiyatları gətirməyi bacarıb. Kəskin aclıqla üzləşən təxminən 250 min insan üçün ərzaq və qida yardımı daşıyan iki karvan martın sonlarında Darfur sərhədini keçib.
BMT-nin məlumatına görə, Sudan əhalisinin yarısının, təxminən 25 milyon insanın humanitar yardıma və müdafiəyə ehtiyacı var, 18 milyona yaxın insan isə kəskin ərzaq çatışmazlığı ilə üzləşib.
2023-cü il aprelin 15-də Sudan Silahlı Qüvvələri ilə Çevik Dəstək Qüvvələri arasında başlayan qarşıdurma və silahlı qarşıdurmalar nəticəsində təxminən 8,1 milyon nəfər qaçqın düşüb, 14 minə yaxın insan həlak olub.

 

 

 

Dünya 2024-04-06 11:43:00