×
A
A
A
Sazlamalar

Yunanıstan BOK prezidentlərinin Qədim Olimpdə seçilməsini istəyir

Bakı, 6 aprel, AZƏRTAC
Yunanıstan Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidentlərinin həmişə Qədim Olimpdə seçilməsini istərdi. Bu barədə Yunanıstan Milli Olimpiya Komitəsinin (MOK) cümə günü yaydığı məlumatda deyilir.
BOK üzvü və Yunanıstan MOK-un prezidenti Spiros Kapralos AFP-yə müsahibəsində deyib: “Mənim arzum odur ki, bu seçkilər hər kəsə 2800 il əvvəl Olimpiya Oyunlarının harada başladığını xatırlatmaq üçün Qədim Olimpdə keçirilsin. Qədim Olimp dağında hər 8 və ya 12 ildən bir BOK prezidentinin seçilməsini təşkil etmək tamamilə mümkündür. Hesab edirəm ki, ümumilikdə bu, Olimpiya hərəkatının bütün iştirakçıları üçün müsbət atmosfer yaradacaq”.
AZƏRTAC xəbər verir ki, Yunanıstan BOK növbəti prezident seçkilərini təşkilatın hazırkı prezidenti Tomas Baxın səlahiyyət müddəti başa çatacağı 2025-ci ilin martında keçirməyi planlaşdırır.
Ənənəyə görə, aprelin 16-da Qədim Olimpdə 2024-cü il Oyunları üçün Olimpiya məşəlinin alovlanması mərasimi keçiriləcək. Aprelin 26-da məşəl 1896-cı ildə müasir idman tarixinin ilk Olimpiya Oyunlarına ev sahibliyi edən Afinadakı qədim ağ mərmərdən tikilmiş “Panatinaikos” stadionunda Paris Olimpiadasının təşkilatçılarına təhvil veriləcək. Kapralosun sözlərinə görə, məşəlin ötürülməsi mərasimində çıxış etmək üçün yunan müğənnisi Nana Muskuri dəvət olunub. “Ümid edirik ki, o, təhvil-təslim mərasimində stadiona gələrək Dövlət himnlərini oxuya bilər. Bu, xüsusi bir məqam olacaq, çünki Nana Muskuri Fransa və Yunanıstanda, eləcə də bütün Avropada və dünyada çox hörmətli şəxsdir”, - deyə Yunanıstan MOK-un rəhbəri vurğulayıb.
Muskuri, həmçinin UNICEF-in xoşməramlı səfiridir. O, 1994-1999-cu illərdə Yunanıstandan Avropa Parlamentinin üzvü olub. 2010-cu il oktyabrın 14-də Yunanıstan parlamenti müğənnini yunan mədəniyyətinin təbliği və inkişafına verdiyi mühüm töhfəyə görə Parlament Fondunun gümüş medalı ilə təltif edib.
Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Dünya 2024-04-06 10:55:00