×
A
A
A
Sazlamalar

Saməddin Əsədov: Azərbaycan ərazisinin 15 faizində quraqlıq riski var

Bakı, 5 aprel, AZƏRTAC

Azərbaycan ərazisinin 15 faizində quraqlıq riski var. Xüsusilə ölkə ərazisində Gəncə-Daşkəsən zonasının quraqlıq riski ilə üz-üzə qaldığını vurğulamaq lazımdır.
AZƏRTAC xəbər verir ki, bu barədə "İqlim dəyişikliyinə kosmosdan baxış" tədbirində çıxışı zamanı Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
Qızılağac Dövlət Təbiət Qoruğu haqda danışan S.Əsədovun sözlərinə görə, son öyrənilən rəqəmlərə görə buradakı su hövzəsinin 40 faizi itirilib.
“Son 100 ildə Azərbaycanda orta illik temperatur artıb. Peyk təsvirlərinin təhlilinə əsasən, Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarında son 7 ildə buzlaq sahələrində ortalama 18 faiz azalma müşahidə olunub. Son 30 ildə Xəzər dənizinin səviyyəsi 2 metr azalıb ki, bunun da 1,5 metri son beş ilə təsadüf edib. Ölkə üzrə quraqlıq səviyyəsinin qiymətləndirilməsi zamanı müəyyən olunub ki, Azərbaycan ərazisinin 15 faizi çox yüksək quraqlıq riski altındadır. Ölkə ərazisində yanğınların kosmik monitorinq təhlilinə əsasən, ötən il ümumilikdə 10 563 hektar ərazinin yandığı müşahidə edilib. Həmçinin atmosferin tərkibini dəyişdirən zərərli qazların dəyərləri də ilbəil artıb”, – deyə “Azərkosmos”un sədri əlavə edib.

 

İqtisadiyyat 2024-04-05 10:49:00