×
A
A
A
Sazlamalar

Dünya Bankı ilə AZURE layihəsinin icrasının sürətləndirilməsi müzakirə edilib

Bakı, 5 aprel, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazovla Dünya Bankının energetika üzrə missiya heyəti arasında görüş olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Bankın energetika üzrə böyük mütəxəssisi, Tapşırıq qrupunun rəhbəri Rocer Koma Kunil, təcrübə meneceri Stefani Gil və digər nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsinin maliyyələşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib. 2 qiqavatadək gücdə bərpaolunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası üçün şəbəkənin gücləndirilməsi, “Masdar” şirkəti tərəfindən inşa olunacaq 1 qiqavat gücündə günəş və külək elektrik stansiyalarının şəbəkəyə qoşulması tədbirlərinin icra vəziyyəti və maliyyələşdirmə imkanları nəzərdən keçirilib. AZURE layihəsi çərçivəsində 315 meqavat gücündə “Bankə” və 445 meqavat gücündə “Biləsuvar” günəş elektrik stansiyalarının enerji sisteminə qoşulmasının vaxtında həyata keçirilməsi üçün müvafiq proseslərin tezləşdirilməsinin vacibliyi qeyd olunub.
Görüşdə, həmçinin AZTAF proqramı çərçivəsində “Enerji səmərəliliyi və iqlim” texniki yardım layihəsinin “Enerji Effektivliyi Fonduna dəstək və Milli Renovasiya Proqramının Yol Xəritəsi” komponenti üzrə görülən işlər, eləcə də Dünya Bankı ilə enerji sahəsində əməkdaşlıq gündəliyinin digər aspektləri ətrafında fikir mübadiləsi aparılıb.

İqtisadiyyat 2024-04-05 10:20:00