×
A
A
A
Sazlamalar

Blinkenin Prezident İlham Əliyevə zəngi Azərbaycanın Qərbi fakt qarşısında qoyduğunu göstərir ŞƏRH

Bakı, 4 aprel, AZƏRTAC

Aprelin 3-də ABŞ-ın Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəngi regionun əsas hərbi-siyasi güc mərkəzi kimi Azərbaycanın Qərbi fakt qarşısında qoyduğunu, Qərbin isə Bakının regionda diktə etdiyi reallıqla barışdığını göstərir. Yəni, Prezident İlham Əliyev Vətən müharibəsi və antiterror tədbirlərində Qələbəsi ilə regionda elə geosiyasi konfiqurasiyaya nail olub ki, uzun illər ərzində Azərbaycanın rəyini, ümumiyyətlə, nəzərə almadan Ermənistanın işğal və təcavüz siyasətinə hərbi-siyasi dəstək verənlər, bu istiqamətdə birtərəfli və ədalətsiz addımlardan çəkinməyənlər artıq Cənubi Qafqaz siyasətində Bakı ilə hesablaşmağın zəruri olduğunu anlayıblar. Təsadüfi deyil ki, Antoni Blinken özü də bu reallığı gizlətmir və Bakıya zəngi zamanı aprelin 5-ə planlaşdırılan üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib. Lakin ötən dövrün təcrübəsindən qaynaqlanan real arqumentlərə söykənən rəsmi Bakı ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşü regionda sülh və sabitlik perspektivləri üçün zərərli hesab edir. Xüsusən işğal və separatizmə son qoyaraq özünün beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü təmin etməklə Azərbaycanın beynəlxalq hüququn aliliyinə nail olmasından sonra, Qərbin ölkəmiz əleyhinə davamlı qarayaxma kampaniyası, Ermənistanın yeni münaqişəyə təşviq edilməsi fonunda Bakının bu qənaətdə olması üçün kifayət qədər faktiki əsaslar mövcuddur. Telefon danışığında da Prezident İlham Əliyev məhz həmin arqumentləri Blinkenin diqqətinə tək-tək çatdırdı.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
“İlk növbədə, Prezident İlham Əliyev Blinkeni başa saldı ki, Azərbaycan ifadə etdiyi hər bir mövqenin arxasında kifayət qədər səhih informasiyalar dayanır. Yəni, biz proseslərə informasiya nəzarətini kifayət qədər təmin edə biləcək qədər güclüyük. Bu mənada üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlərin də müzakirə olunması Blinkenin arqumenti ilə üst-üstə düşmür.
Yaxud əgər son bir neçə ayda Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə tamamilə əsassız ittihamlar tirajlanırsa və bu total, məqsədli dezinformasiyaların yayılmasının təməlində Fransa, ABŞ və Avropa İttifaqının strukturları dayanırsa Bakının ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşə anti-Azərbaycan blokun fəaliyyəti kimi baxmaqda tamamilə haqqı var. Xüsusən nəzərə alsaq ki, Prezident İlham Əliyevin də istinad etdiyi kimi, “üçtərəfli görüş qeyri-şəffaf hazırlanıb, qeyri-inklüziv xarakter daşıyır və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmır”.
Bundan başqa özünün təcavüzkar davranışlarının nəticəsi olaraq Cənubi Qafqaz siyasəti iflasa uğramış və regiondan qovulmuş Fransanın hər bir imkanda Azərbaycan əleyhinə iş aparması fonunda Parisin bu prosesi Azərbaycanın əleyhinə istifadə etməyəcəyinə heç kim zəmanət verə bilməz. Elə iki gün öncə, Parisdə, Antoni Blinkenlə görüşündə Fransa xarici işlər naziri Stefan Sejurnenin Azərbaycan əleyhinə qərəzli fikirlər səsləndirməsi, daha dəqiq desək, Prezident İlham Əliyevin ifadə etdiyi kimi, “Fransa xarici işlər nazirinin yalan danışmasına” ABŞ Dövlət katibi özü şahidlik etdi. Üstəlik, ötən il oktyabrın 5-də Qranada şəhərində Ermənistan-Fransa-Almaniya-Avropa İttifaqı görüşünün timsalında Bakının qəti mövqeyi qarşısında heç bir nəticə hasil etməsə də belə, özü olmadan Azərbaycanın maraq və mənafelərinin ehtiva olunduğu məsələlər barədə birtərəfli qaydada qərəzli müzakirələr aparılması təcrübəsi də mövcuddur. Bütün bunlar deməyə əsas verir ki, aprelin 5-də planlaşdırılan üçtərəfli görüşlə bağlı Azərbaycanın qənaəti tamamilə əsaslıdır”, - deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-ın Dövlət katibi iddia edir ki, 5 aprel görüşü Azərbaycana qarşı deyil və Brüsseldə müzakirələrdə diqqət Ermənistanın iqtisadi inkişafı məsələlərinə yönələcək: “Əslində bu arqumentlər də özlüyündə qəbul edilən deyil. Çox haqlı bir sual meydana çıxır, niyə məhz Ermənistanın iqtisadi inkişafı? Bu bölgədə nəticələrinin aradan qaldırılması vacib olan çox daha ciddi problemlər var, məsələn, Ermənistanın işğal, təcavüz və etnik təmizləmə siyasətinə müvafiq olaraq Livan ölçüdə bir ərazidə - Qarabağ və Şərqi Zəngəzurda genosid, urbisid və ekosid cinayətlərinin, o cümlədən mina terrorunun nəticələrinin aradan qaldırılması, 1 milyondan artıq insanın öz yurd-yuvasına qayıdışının təmin olunması kimi bəşəri problem həllini gözləyir. Niyə bu məsələlər qala-qala ərazisində müharibə getməmiş, heç bir dağıntıya məruz qalmamış Ermənistanın iqtisadi inkişafı Qərb üçün daha önəmlidir? Bunun yalnız bir adı var, o da ayrı-seçkilik. Azərbaycan Prezidenti andiçmə mərasimindəki tarixi çıxışında da qeyd etmişdi ki, “Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük". Bəli, heç şübhəsiz ki, Azərbaycanın özünün öz problemlərini həll etməyə, işğal və təcavüzün nəticələrini aradan qaldırmağa, quruculuq və bərpa prosesinə, əhalinin ləyaqətli qayıdışını təmin etməyə yetərincə gücü və imkanı var. Sadəcə indiki məqamda Qərbin riyakar və heç bir məntiqə sığmayan prioritetləri fonunda bu məqama toxunmamaq olmur. Sirr deyil ki, bu gün Qərbin Azərbaycanın problemlərinə baxışındakı bu laqeydlik islamofob və türkofob baxışdan qaynaqlanır. Belə bir məqamda səlibçi blokun Ermənistanla planlaşdırılan görüşü Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq”.
B.Məhərrəmov deyib ki, əgər Blinkenin iddia etdiyi kimi, Qərb Ermənistanın iqtisadi inkişafında maraqlıdırsa İrəvanın regional layihələrdən kənarda qalaraq dalan dövlətə çevrilməsinin kökündə dayanan səbəbləri aradan qaldırmasına kömək etməli, Ermənistanı mifik iddialardan və revanşist niyyətlərdən əl çəkməyə çağırmalıdır. Yaxud indiki məqamda əgər Qərb iddia etdiyi kimi, həqiqətən də bölgədə eskalasiya və gərginlik arzulamırsa Ermənistana təsir edərək sülh prosesinin irəlilədilməsi baxımdan faydalı olan Berlin danışıqlarından sonra başlanmış prosesin daha da sürətləndirilməsini təmin edə bilər. Dövlətimizin başçısı açıq formada bəyan edir ki, Azərbaycan 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Alma-Ata bəyanatına sadiqdir. Lakin görünən odur ki, Azərbaycan və Ermənistan arasında sülh üçün yaranan unikal tarixi imkan Qərbi narahat edir və onlar da Ermənistandan alət kimi istifadə etməklə vəziyyəti gərginləşdirmək üçün hər vəchlə mümkün sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışır. Ermənistanın silahlandırılması fonunda davam edən bu siyasət regionda təxribatlara gətirib çıxaracaq.
“Prezident İlham Əliyevlə ABŞ-ın Dövlət katibinin telefon danışığında diqqət çəkən digər məqam ABŞ-Azərbaycan münasibətlərində dövlətimizin başçısının müəyyən etdiyi direktivlərin daha qabarıq formada önə çıxması oldu. Məlumdur ki, bu ilin fevralın 17-də Münxendə qarşı tərəfin müraciətinə əsasən Prezident İlham Əliyev Blinkenlə görüşmüş və müzakirələrdə Azərbaycan Prezidenti vurğulamışdı ki, “Bakı-Vaşinqton ikitərəfli əlaqələri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən kənar şəkildə özlüyündə inkişaf etdirilməlidir". Blinkenin aprelin 3-də Bakıya zəngi zamanı həssas bir dönəm olmasına baxmayaraq ölkəsinin müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığı genişləndirmək niyyətini bəyan etməsi isə göstərir ki, Vaşinqton Prezident İlham Əliyevin Münxendə ikitərəfli münasibətlərə dair tezisini qəbul edib”, - deyə deputat bildirib.

Siyasət 2024-04-04 13:56:00