×
A
A
A
Sazlamalar

“Məktəb liderliyi” proqramının II çağırışının yekunlarına dair görüş keçirilib

Bakı, 3 aprel, AZƏRTAC

“Məktəb liderliyi” proqramının II çağırış üzrə iştirakçıları ilə yekun görüş təşkil olunub.
Azərbaycan Dövlət Pedaqoji Universitetindən AZƏRTAC-a bildirilib ki, görüşdə layihə rəhbəri Könül Pirverdiyeva bu proqramın peşəkar inkişaf, yeni çağırışlara cavab verən məktəb lideri formalaşdırmaq, səmərəli öyrənmə mühiti yaratmaq kimi əsas hədəflərindən bəhs edib. Layihə rəhbəri proqram ərzində “Tədrisin təşkili və idarə edilməsi”, “Təhsildə qiymətləndirmə və monitorinq”, “Məktəb heyətinin idarə edilməsi”, “Məktəb sənədləri ilə iş”, “Məktəbdə səmərəli ünsiyyətin, sağlam psixoloji mühitin təşkili və idarə edilməsi” modullarının tədrisinin əhəmiyyətini vurğulayaraq, proses müddətində qazanılan bilik və bacarıqların iştirakçıların gələcək liderlik fəaliyyətlərinə töhfə verəcəyinə ümidvar olduğunu deyib.
Görüşdə proqram ərzində tədris olunan modullar üzrə nəzərdə tutulmuş yekun qiymətləndirmələr və təlimlərdə davamiyyət məsələləri barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi ilə birgə həyata keçirilən “Məktəb liderliyi” proqramı gələcəkdə dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq arzusunda olan pedaqoji kadrların səriştələrinin artırılmasını hədəfləyən təqaüd proqramıdır. Bu peşəkar inkişaf proqramı direktor, direktor müavini və müəllimlər üçün öyrənmə və inkişaf mühiti yaradaraq onların şəbəkələşməsinə, yeni çağırışlara cavab verən məktəb liderləri kimi formalaşmasına dəstək göstərir.
Xatırladaq ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunu əhatə edən proqramın I çağırışından 49 nəfər məzun olub. Eyni zamanda, digər regionları əhatə edən proqramın II çağırışı hazırda 2 əyani qrupda 53 nəfər, 3 onlayn qrupda 73 nəfər olmaqla, ümumilikdə 126 nəfəri əhatə edir. Proqram ərzində modulların tədrisi Bakı, Sumqayıt və Abşerondan olan iştirakçılar üçün əyani, digər regionlardan olan iştirakçılar üçün isə hibrid formatda təşkil olunub.

Elm və təhsil 2024-04-03 17:02:00