×
A
A
A
Sazlamalar

BDU-nun Hüquq fakültəsində təlim: Akademik hüquqi yazı və tədqiqat

Bakı, 3 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində “BDU könüllüləri” və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə fakültənin müəllimi Əkbər Əliyev tərəfindən “Akademik hüquqi yazı və tədqiqat” mövzusunda təlim keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, təlimdə akademik hüquqi yazının nəzəri və praktiki aspektləri, mərhələləri, mövzu seçimi zamanı diqqət edilməli məsələlər, tədqiqatın aparılmasının önəmli məqamları, mənbələrə istinad edilməsi qaydaları, xarici və yerli təcrübənin müqayisəsi kimi məsələlər müzakirə edilib.
Qeyd olunub ki, akademik hüquqi yazı bacarığı hər bir praktiki hüquqşünasın yiyələnməli olduğu ən vacib bacarıqlardandır. Belə bacarığa malik hüquqşünasların geniş karyera seçimləri əldə etmək, eləcə də yazı zamanı öz fikirlərini oxuculara daha aydın və anlaşıqlı şəkildə çatdırmaq imkanları artır. Akademik hüquqi yazı sadə dildə olmalı, bu yazıda söz seçiminə xüsusi diqqət yetirilməli, ədəbi dilin normaları yazıda ciddi şəkildə gözlənilməlidir.
Təlim zamanı tələbələrin akademik yazı və tədqiqatla bağlı sualları cavablandırılıb, mövzu ətrafında praktiki işin təşkilinə dair diskussiya aparılıb.

Elm və təhsil 2024-04-03 16:18:00