×
A
A
A
Sazlamalar

Gürcüstan ombudsmanı etnik azlıqlar üçün dərslikləri dəyərləndirib

Tbilisi, 3 aprel, AZƏRTAC

Gürcüstanın insan haqları müvəkkili (Ombudsman) Levan İoseliani insan haqları və azadlıqlarının müdafiəsinə dair 2023-cü il üzrə hesabat hazırlayıb.
AZƏRTAC xəbər verir ki, 386 səhifəlik hesabatda diqqət çəkən məsələlərdən biri etnik azlıqların ana dillərindəki dərsliklərlə bağlıdır.
Bildirilir ki, Azərbaycan Elm və Təhsil Nazirliyi tərəfindən Gürcüstanın azərbaycandilli məktəbləri üçün göndərdiyi Azərbaycan dili və ədəbiyyatı dərsliklərində fərqlilik var.
Hesabatda deyilir ki, Azərbaycan Respublikası tərəfindən Gürcüstana göndərilən dərsliklər keyfiyyətinə görə Ermənistanın təmin etdiyi dərsliklərdən çox üstündür. Bununla belə, onlarda Gürcüstan təhsil sistemi ilə müəyyən uyğunsuzluqlar olduğu da qeyd edilib. Bildirilib ki, birinci siniflər üçün nəzərdə tutulmuş Azərbaycan dili dərsliyinin əlifbanın tədrisi ilə başlamaması müəyyən çətinlik yaradır. Belə ki, Azərbaycanda əlifba məktəbəqədər hazırlıq dövründə, Gürcüstanda isə birinci sinifdə öyrənilir.
Qeyd edək ki, 1994-cü ildən etibarən Gürcüstanda Azərbaycan dilində təhsil alan I-XI sinif şagirdləri üçün Azərbaycan tərəfindən dərsliklər göndərilir. Bu günədək Azərbaycan Elm və Təhsil Nazirliyi Gürcüstandakı azərbaycandilli məktəblərə ümumilikdə 600 mindən çox dərslik və digər metodik vəsait göndərilib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Elm və təhsil 2024-04-03 16:16:00