×
A
A
A
Sazlamalar

Gürcü politoloq: ABŞ, Aİ və Ermənistanın Brüssel görüşü yeni blokun yaradılacağından xəbər verir

Tbilisi, 3 aprel, AZƏRTAC

Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ Dövlət katibi Entoni Blinkenin aprelin 5-də Brüsseldə keçiriləcək görüşü gürcü siyasətçilər tərəfindən birmənalı qarşılanmayıb.
Gürcü hərbi-siyasi ekspert Vaxtanq Maisaya AZƏRTAC-a müsahibəsində deyib ki, bu görüşün nəzərdə tutulması, ABŞ və Avropa İttifaqı rəsmilərinin Brüsselə Nikol Paşinyanı dəvət etmələri regionda yeni blokun yaradılacağından xəbər verir.
“Bu sammit Cənubi Qafqazla bağlı qeyri-formal görüşdür. Amma düşünmürəm ki, bu görüş regionda müəyyən problemlər yaradacaq. Çünki Vaşinqtonla Brüsselin məsələyə həssaslığı aydındır. Onlar istəyirlər ki, region inkişaf etsin və burada sülh olsun. Ancaq maraqlı məqam ondan ibarədir ki, regionun inkişafını istəyən güclər yalnız Ermənistanın baş naziri Nikol Paşinyanı dəvət ediblər. Burada regionun həm inkişafı, həm də sülh üçün çalışan Gürcüstan, Azərbaycan və Türkiyə rəsmilərini çağırmayıblar. Bu isə heç də yaxşı hal deyil”, - deyən politoloq əlavə edib ki, buna görə də regionda hansısa yeni birliyin və ya alyansın yaradılması ilə bağlı planın olduğunu düşünmək olar. Bu alyans ABŞ və Avropanın birbaşa iştirakı ilə olacaq və kimlərinsə bura qoşulacağını isə zaman göstərəcək. Burada digər alyans - Azərbaycan-Türkiyə-Pakistan alyansı da ola bilər. Rusiya qalacaq, Gürcüstan isə neytral obrazda çıxış edəcək. Düşünürəm ki, tez bir zamanda yeni alyansların formalaşacağının şahidi olacağıq. Regionun təhlükəsizliyi üçün bu mütləqdir. İranın harada olacağı da çox maraqlıdır. Çox güman ki, Rusiya ilə birləşəcək və beləliklə, 3 böyük alyans yaranmış olacaq.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Siyasət 2024-04-03 15:36:00