×
A
A
A
Sazlamalar

Azərbaycan regionda yeni geosiyasi xətlərin çəkilməsinə qarşıdır - ŞƏRH

Bakı, 3 aprel, AZƏRTAC

Avropa İttifaqı rəsmilərinin bildirdiyinə görə, aprelin 5-də keçiriləcək Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransında İrəvana iqtisadi yardımların edilməsi ilə bağlı məsələlər əsas müzakirə mövzusu olacaq. Lakin bu yardımın strukturunda həm Qarabağdan gedən ermənilərin sosial vəziyyətinin yaxşılaşdırılması, həm Ermənistanın büdcə kəsirinin doldurulması, həm də Avropa Sülh Fondu tərəfindən bu ölkəyə maliyyə yardımı edilməsi kimi məsələlər qeyd olunub. Avropa Sülh Fondu tərəfindən ediləcək maliyyə yardımı isə Ermənistanın müdafiə qabiliyyətinin artırılmasına yönəldiləcək. Nəzərə alaq ki, Rusiya ilə Qərb arasında Cənubi Qafqaz regionu uğrunda mübarizə gedir. Bu kontekstdə Ermənistan öz xarici siyasətində dəyişiklik edərək qərbyönümlü siyasət yürüdür. Azərbaycan və Gürcüstanla müqayisədə, Ermənistan qərbyönümlü siyasətinə görə Cənubi Qafqazda birinci sıraya yüksəlib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov söyləyib.
F.Məmmədov Cənubi Qafqaz regionunda geosiyasi gərginliyin səviyyəsinin artdığını vurğulayaraq bildirib: “Avropa İttifaqı və ABŞ tərəfindən Ermənistana təhlükəsizlik sahəsində yardımın göstərilməsinin əsas səbəbi kimi Azərbaycanın guya İrəvana qarşı aqressivlik nümayiş etdirməsi və “işğal” niyyətində olması göstərilib. Ancaq bunlar Azərbaycana qarşı uydurma və saxta ittihamlardan başqa bir şey deyil. Əfsuslar olsun ki, Qərb tərəfindən Ermənistana kömək həmişə Azərbaycan bəhanəsi ilə edilib. Əvvəllər Ermənistana edilən bu kömək keçmiş Qarabağ problemi ilə bağlı idi. İndi isə bu yardım Azərbaycanın guya aqressiv niyyətinin olması ilə əlaqələndirilir.
Digər tərəfdən regionda yeni geosiyasi xətlərin çəkilməsi müşahidə edilir. Azərbaycan, əlbəttə, bölgədə yeni geosiyasi xətlərin çəkilməsinə qarşıdır. Eyni zamanda, Ermənistanla imzalanması planlaşdırılan sülh sazişinin Qərb tərəfindən irəli sürülən şərtləri Azərbaycan tərəfindən qəbul edilmir. Bunun da bir sıra obyektiv səbəbləri var. Nəzərə alaq ki, 30 ilə yaxın müddətdə Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayıb. Lakin Qərb heç vaxt bu məsələyə görə Ermənistanla münasibətlərini nəinki şərtləndirməyib, heç məhdudiyyət də qoymayıb”.
Digər problemin isə Avropa ölkələri tərəfindən Ermənistana külli miqdarda maliyyə yardımlarının edilməsi ilə bağlı olduğunu vurğulayan mərkəz sədri əlavə edib: “Nəzərə almaq lazımdır ki, Ermənistan Rusiyanın da müttəfiqidir. Rusiya ilə Ermənistan arasında ikitərəfli və çoxtərəfli bir çox məsələlərdə, eyni zamanda, təhlükəsizlik və iqtisadi sahələrdə əməkdaşlıq mövcuddur. Ancaq müşahidələr onu göstərir ki, Avropa İttifaqı və NATO üzvlüyünü qarşısına məqsəd qoyan və bunu öz Konstitusiyasında da qeyd edən Gürcüstana belə bu dərəcədə maliyyə dəstəyi verilmir. Ermənistana Qərb tərəfindən bu dərəcədə maliyyə yardımının edilməsinin isə hansı səbəblərdən qaynaqlandığı Azərbaycana məlum deyil”.

Siyasət 2024-04-03 14:33:00