×
A
A
A
Sazlamalar

Səfir: Yunanıstanla Azərbaycan arasında ikitərəfli münasibətlərin böyük potensialı var

Bakı, 2 aprel, AZƏRTAC

Yunanıstan və Azərbaycan arasında ikitərəfli münasibətlərin böyük potensialı var. Bizim baxışlarımız üst-üstə düşür. Əminik ki, bir neçə aydan sonra Azərbaycan həm təşkilati, həm də mahiyyət etibarilə COP29 sammitinə uğurla ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Yunanıstanın Azərbaycandakı səfiri Xristos Kapodistrias ölkəsinin milli günü münasibətilə aprelin 2-də Bakıda təşkil edilən rəsmi qəbulda səsləndirib.
Ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələri əhatə etdiyini qeyd edən diplomat bildirib ki, yaxın həftələrdə Hökumətlərarası Birgə Komissiyanın növbəti iclası keçiriləcək. “Yunanıstan bir neçə gün sonra Afinada BMT-nin IX Okean Konfransına ev sahibliyi edərək Dayanıqlı İnkişaf Məqsədlərinə dair qlobal məlumatlılığı və öhdəliyi artırmaq üçün üzərinə düşəni edir. Bizim enerji sektorunda əməkdaşlığımız artıq bir uğur hekayəsidir. Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik boru xətti qitənin enerji təchizatında əhəmiyyətli problemlərlə üzləşdiyi bir dövrdə Azərbaycandan qazı Avropaya gətirən strateji infrastrukturdur. Artıq üç ildən çoxdur ki, Trans-Adriatik Boru Kəməri təbii qazı Azərbaycandan Yunanıstana, Bolqarıstana və İtaliyaya, eləcə də qonşumuz Türkiyə vasitəsilə dayanıqlı və etibarlı şəkildə nəql edir", - deyə səfir vurğulayıb.
Onun sözlərinə görə, əməliyyatlar başlayandan bəri Trans-Adriatik Boru Kəməri Yunanıstan, Bolqarıstan və İtaliyaya 33,5 milyard kubmetrdən çox qaz nəql edib.
Diplomat əmin olduğunu bildirib ki, ölkələrimiz arasında əlaqələr dərinləşməkdə davam edəcək.

 

Siyasət 2024-04-02 20:38:00