×
A
A
A
Sazlamalar

Qlobal problemlərin həllində “yaşıl enerji”nin rolu

Bakı, 2 aprel, AZƏRTAC

Dünyada əhalinin sayının artmasından və qlobal problemlərdən irəli gələrək “yaşıl enerji”dən istifadəyə tələbat getdikcə çoxalır. “Yaşıl enerji” istehsalı ekoloji fəsadlar yaradan karbon emissiyasının minimuma endirilməsi, ekoloji çirklənmənin qarşısının alınması və enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Dünyada qlobal ekoloji problemlərin sayı xeyli artmışdır. Buna görə də insan və təbiət arasındakı qarşılıqlı təsirin sistemli şəklində öyrənilməsi XX əsrin 80-90-cı illərində fəlsəfənin bölmələrindən biri kimi meydana gələn ekoloji fəlsəfədə xüsusi yer tutmağa başlamışdır. Ekoloji fəlsəfədə ətraf mühitin qorunması ilə bağlı məsuliyyətin təşviqinə, təbiətə münasibətdə etik prinsiplərin və dəyərlərin formalaşdırılmasına böyük əhəmiyyət verilir.
Bu fikirlər fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səlimovun “Qlobal problemlərin həllində “yaşıl enerji”nin rolu” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
“Yaşıl enerji”nin istehsalı üçün yeni texnologiyaların tətbiqi XX əsrin 70-ci illərindən etibarən populyarlıq qazanmağa başlayıb. “Yaşıl enerji” və yaxud “yaşıl iqtisadiyyat” konsepsiyası 1991-ci ildə britaniyalı iqtisadçı Maykl Ceykobs tərəfindən irəli sürülüb. O, “yaşıl enerji”nin mahiyyətini, xüsusilə ətraf mühitin qorunmasında rolunu “Yaşıl iqtisadiyyat: ətraf mühit, davamlı inkişaf və gələcəyin siyasəti” adlı kitabında şərh edib. M.Ceykobsun ideyaları 2008-2013-cü illəri əhatə edən ümumdünya maliyyə-iqtisadi böhranı dövründə və ondan sonrakı illərdə geniş yayıldı. “Yaşıl iqtisadiyyat”ın inkişafı, onun tərkib hissəsi kimi “yaşıl enerji”dən istifadə olunması ekoloji riskləri və çatışmazlıqları azaldan vasitələrdən biri kimi aktuallaşdı.
Müasir dövrdə ekoloji şüurda “yaşıl enerji”dən istifadənin vacibliyi ideyasının getdikcə özünə mühüm yer tutmasının səbəbləri aşağıdakılardır:
• “yaşıl enerji”dən istifadə iqlim dəyişikliyini azaltmağa və qlobal istiləşməni məhdudlaşdırmağa kömək edir;
• “yaşıl enerji” sənayesinin inkişafı nəticəsində yeni iş yerləri yaranır ki, bu da davamlı inkişaf üçün vacib amillərdən biridir;
• “yaşıl enerji”dən istifadə havanın keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır;
• “yaşıl enerji”yə keçid bu sahədə yeni yanaşmaların və texnologiyaların tətbiqini stimullaşdırır.
Dünyada enerji istehlakına tələbat artır ki, bu da enerji təchizatı modelinin təkmilləşdirilməsini və dayanıqlığını tələb edir. Enerji təchizatı zəncirində karbon emissiyasının təsirinin azaldılması və iqlim dəyişikliyinə səbəb olan amillərin qarşısının alınması vacibdir. Dünyanın müxtəlif ölkələrində bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalının həcmi artır və bu prosesin yaxın gələcəkdə daha da sürətlənəcəyi proqnozlaşdırılır.
Mütəxəssislərin proqnozlarına əsasən, 2030-cu ilədək bərpaolunan mənbələrdən və yaxud “yaşıl enerji”dən alınan elektrik enerjisi dünyada elektrik enerjisi istehsalının 65 faizini təmin edəcək. Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin hesablamalarına görə, 2050-ci ilədək dünyada elektrik enerjisinin 90 faizi bərpaolunan və yaxud “yaşıl enerji” mənbələrindən əldə edilə bilər. Karbon qazı emissiyası qlobal səviyyədə 2050-ci ilə qədər 70 faiz azaldılacaq ki, bu da iqlim dəyişikliyinin qarşısının alınmasına kömək edəcəkdir. İlk növbədə külək və günəş enerjisi hesabına elektrik enerjisi istehsalında sürətli artım olacaqdır. Bunun əsasən Qafqazda, Mərkəzi Asiyada, Şərqi və Cənub-Şərqi Avropada baş verəcəyi bildirilir.
Beynəlxalq Bərpa olunan Enerji Agentliyinin proqnozlarına görə, alternativ enerji mənbələrinə keçid karbon qazı emissiyasının azaldılması ilə yanaşı, sosial-iqtisadi inkişafa təkan verəcəkdir. Qlobal iqlim dəyişikliyinin qarşısının alınması üçün 2050-ci ildən sonrakı dövrdə karbon qazı emissiyasının minimum həddə endirilməsi nəzərdə tutulur. Hidrogen və sintetik yanacaqlar, birbaşa elektrikləşdirmə, bioyanacaqlar innovativ biznes modellərinə və bu sahədə struktur dəyişikliyinə ciddi təsir göstərəcəkdir.
“Yaşıl enerji”dən istifadə həm də insanların sağlamlığı üçün əhəmiyyətlidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 13 milyondan çox ölüm halları havanın çirklənməsi ilə bağlıdır. “Yaşıl enerji”dən istifadə ekoloji cəhətdən əhəmiyyət daşımaqla yanaşı, iqtisadi baxımdan da əlverişlidir. “Yaşıl enerji” mənbələrindən istifadə edilməsi üçün səmərəli texnologiyaların tətbiqi enerji təchizatının şaxələndirilməsi yolu ilə enerji təhlükəsizliyinin təmin olunması üçün vacibdir.
Qlobal enerji problemi dünyada enerji resurslarına artan tələbatın davamlı şəkildə ödənilməsini şərtləndirir. Dünya Enerji Şurasının irəli sürdüyü “Enerji trilemması” adlanan konsepsiyada enerji təhlükəsizliyi, əlverişli enerji təchizatı və ekoloji sabitlik arasında tarazlığın yaradılmasına xüsusi diqqət yetirilir. Qlobal enerji təhlükəsizliyi özündə milli və xarici mənbələr hesabına enerji təchizatının səmərəli təşkili, enerji infrastrukturunun etibarlılığı və enerjiyə tələbatın lazımi səviyyədə ödənilməsini ehtiva edir.
Dünyada iqlim dəyişikliyinin dağıdıcı risklərinin və enerji təhlükəsizliyinə təhdidlərin qarşısının alınması üçün növbəti 30 il ərzində qlobal enerji sistemində dərin və ardıcıl transformasiyaların baş verəcəyi proqnozlaşdırılır. 2030-cu ilədək qlobal istiləşmənin qarşısını almaq üçün illik 5,7 trilyon ABŞ dolları məbləğində sərmayə qoyuluşu tələb olunur. 1,5°C qlobal istiləşmə strategiyasına uyğun olaraq 2030-cu ilədək xeyli sayda əlavə iş yerinin yaradılması proqnozlaşdırılır.
“Yaşıl enerji”dən istifadə enerji qiymətləri, enerji təhlükəsizliyi və iqlim böhranı ilə bağlı məsələlərin həllinə mühüm təsir göstərir. Bərpa olunan Enerji Mənbələri üzrə Beynəlxalq Agentliyin enerji keçidinin rifah indeksinə görə 1,5°C strategiyası qlobal rifahı əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Bu indeks göstərir ki, bərpaolunan enerjiyə keçidə dair yol xəritələrinin səmərəliliyi enerji siyasəti ilə sıx bağlıdır, burada ölkədaxili və beynəlxalq tənzimləyici qərarların qəbulu həlledici rol oynayır.
BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən sammitində qəbul olunmuş “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də 17 əsas hədəf müəyyənləşdirilib ki, onlardan da birini “Ucuz və təmiz enerji” təşkil edir. Bu məqsədlə:
• əlverişli, etibarlı və müasir enerji təchizatına universal çıxışın təmin edilməsi;
• bərpaolunan mənbələrdən alınan enerji həcminin əhəmiyyətli dərəcədə artırılması;
• qlobal enerji səmərəliliyinin ikiqat artırılması;
• bərpaolunan enerji texnologiyalarına çıxışın asanlaşdırılması sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi;
• müasir və davamlı enerji təchizatı ilə bağlı infrastrukturun genişləndirilməsi, bu sahəyə dair texnologiyaların təkmilləşdirilməsi və s. nəzərdə tutulub.
Layiqli həyat standartlarının daha da yaxşılaşdırılması üçün ekoloji və iqtisadi baxımdan əlverişli olan enerji resurslarından istifadə mühüm əhəmiyyət daşıyır. Xüsusilə, “yaşıl enerji”dən istifadə enerji sisteminin karbonsuzlaşdırılması üçün aşağı və sıfır karbon texnologiyalarının tətbiqi baxımından vacibdir.
Hazırda dünyanın əksər regionlarında ən ucuz elektrik növü bərpaolunan enerji mənbələrinə əsaslanan elektrik enerjisidir. Xüsusilə, “yaşıl hidrogen”dən 2030-cu ilədək geniş istifadə olunmasına mühüm diqqət yetirilir. “Yaşıl hidrogen” elektroliz prosesi vasitəsilə külək və ya günəş enerjisi kimi bərpaolunan enerji mənbələrindən istifadə edilərək istehsal olunan hidrogenin təmiz formasıdır. “Yaşıl hidrogen”dən istifadə edilməsi enerji təhlükəsizliyinin təmin olunması ilə yanaşı, havanı çirkləndirən karbon emissiyasının qarşısının alınması üçün əhəmiyyətlidir.

Azərbaycanda “yaşıl enerji”yə keçid strategiyası:çağırışlar və perspektivlər

“Yaşıl enerji”yə keçid Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkənin enerji balansında “yaşıl enerji” mənbələrindən əldə edilən enerjinin payının getdikcə artırılmasına nail olmaq enerji sektorunda aparılan islahatların əsas məqsədlərindəndir. Azərbaycan “yaşıl enerji” sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayədarlarla fəal əməkdaşlıq edir.

“Yaşıl enerji” sənayesinin inkişafı üçün müvafiq normativ hüquqi aktlar qəbul edilir və institusional tədbirlər həyata keçirilir. Ölkəmizdə bərpaolunan enerji mənbələrindən səmərəli istifadə ilə bağlı fəaliyyətin təşkilinin və tənzimlənməsinin təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli Fərmanı ilə Energetika Nazirliyi yanında Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb. Bərpaolunan və yaxud “yaşıl enerji” sahəsinin inkişaf etdirilməsi, bununla bağlı olaraq institusional mexanizmlərin formalaşdırılması üçün zəruri normativ-hüquqi aktlar qəbul edilir ki, onların sırasında “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu (2021-ci il) mühüm yer tutur.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli Sərəncamından irəli gələrək, bərpaolunan enerji sənayesinin inkişaf etdirilməsi üçün xarici sərmayədarların cəlb edilməsinə xüsusi diqqət yetirilir. Bu məqsədlə Beynəlxalq Maliyyə Korporasiyası ilə “Azərbaycanda dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsi” hazırlanıb və Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 may tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiq edilib. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi ilə bağlı fəaliyyət istiqamətləri müəyyən edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “yaşıl enerji” məkanının yaradılmasına böyük əhəmiyyət verilir. Sənəddə “yaşıl texnologiyalar”ın tətbiqinin genişləndirilməsi, elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin istehlakda payının artırılması nəzərdə tutulur.
2022-ci ildə Rumıniyada Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Bu sənədə əsasən, Xəzər dənizində istehsal olunacaq “yaşıl enerji”nin Avropaya ixracı nəzərdə tutulur.
Azərbaycan dövləti qlobal problemlərdən biri olan iqlim dəyişmələrinin qarşısının alınması üçün ardıcıl siyasət aparır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmət və etimadının ifadəsidir. Bu qərarın qəbul olunmasında iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasətin böyük rolu vardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ətraf mühitin qorunmasına böyük diqqət və həssaslıqla yanaşmanın göstəricisidir.
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “bp”, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə Azərbaycanda bərpaolunan enerji istehsalına dair müqavilələr imzalanıb. Bundan əlavə, Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə layihələr həyata keçirilir.
Azərbaycan 2030-cu ilədək bərpaolunan enerji həcminin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması ilə bağlı qlobal təşəbbüsə qoşulub. Ölkənin əlverişli coğrafi mövqeyi və iqlim şəraiti “yaşıl enerji” istehsalı üçün geniş imkanlar yaradır. Külək, günəş, dağ çayları, biokütlə və geotermal su mənbələri hesabına bərpaolunan enerji istehsalı sahəsində böyük uğurlar əldə edilir. Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt həcmindədir.
Qarabağ və Şərqi Zəngəzur, həmçinin Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonaları elan olunub. Bu ərazilər yüksək potensiallı “yaşıl enerji” mənbələrinə malikdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin məlumatına görə, Tərtərçay və Həkəri çayı kimi çayların qollarında böyük hidroenerji imkanları mövcuddur. Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında texniki potensialı 7200 MVt-dan çox olan günəş enerjisindən istifadə üçün əlverişli şərait vardır. İlkin proqnozlara görə Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək enerjisi 2000 MVt həcmində texniki potensiala malikdir. Kəlbəcər və Şuşa rayonlarında geotermal enerji mənbələrindən “yaşıl enerji” kimi istifadə olunması imkanları mövcuddur. Bundan əlavə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bioenerji kimi bərpaolunan enerji potensialı da vardır.
Naxçıvan Muxtar Respublikasında ümumi gücü 39 MVt olan günəş elektrik stansiyaları fəaliyyət göstərir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvanda "Yaşıl Enerji Zonası"nın yaradılmasını nəzərdə tutan kompleks tədbirlər öz əksini tapıb. Naxçıvanda “yaşıl enerji” istehsalının inkişaf etdirilməsi məqsədilə “Nobel Energy Management”, “TotalEnergies” və “A-Z Czech Engineering” kimi şirkətlərlə müqavilələr imzalanıb.
“Yaşıl enerji”nin dünya bazarlarına nəqli Azərbaycan dövlətinin enerji siyasətində əsas istiqamətlərdən biridir. Azərbaycan 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmağı planlaşdırır. 2023-cü ildə Azərbaycanda Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyası istifadəyə verilmiş və bu cür yeni stansiyaların tikintisi davam edir. Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq “yaşıl enerji” elektrik kabelinin inşası istiqamətində mühüm işlər görülür.
Azərbaycanda “yaşıl enerji” istehsalının inkişafı perspektivləri regional və beynəlxalq əhəmiyyət daşıyan tədbirlərdə geniş müzakirə olunur. Məsələn, 2024-cü il martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Cənub Qaz Dəhlizi “yaşıl enerji” sahəsində vacib əməkdaşlıq platforması kimi çıxış edir. Bu layihə çərçivəsində “yaşıl hidrogen”lə bağlı ölkələrarası dialoq mühüm əhəmiyyət kəsb edir ki, bu da təsadüfi deyildir. Çünki “yaşıl hidrogen” istehsalı yeni iqtisadi imkanlar yaratmaqla, enerji sektorunda innovativ texnologiyaların tətbiqini sürətləndirir.
Yuxarıda göstərilənlərdən aydın olur ki, “yaşıl enerji”yə keçid qlobal ekoloji problemlərin həllində mühüm rol oynayır. Ekoloji fəlsəfədə “yaşıl enerji”nin xüsusiyyətləri insan-təbiət münasibətləri kontekstində öyrənilir. “Yaşıl enerji”yə keçid ekosistemdə dayanıqlığın və insanın tələbatları ilə təbiətin imkanları arasında tarazlığın təmin olunmasında böyük əhəmiyyət daşıyır. “Yaşıl enerji” mənbələrindən enerji istehsalı iqlim dəyişikliyinin və qlobal istiləşmənin qarşısının alması üçün vacibdir. “Yaşıl enerji” istehsalı enerji təhlükəsizliyinin təmin olunmasında özünəməxsus yer tutur, yeni texnologiyaların və innovasiyaların inkişafına təkan verir. Azərbaycan Respublikası coğrafi baxımdan əlverişli “yaşıl enerji” potensialına malikdir və ondan səmərəli şəkildə istifadə edilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti aparılır.

 

İqtisadiyyat 2024-04-02 09:00:00