×
A
A
A
Sazlamalar

“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu: Kubok “ağ-qaralar” üçün son şansdır

Bakı, 1 aprel, AZƏRTAC

“Kubok oyunları hər zaman çempionat matçlarından fərqli olur”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Aslan Kərimov Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Neftçi” və “Qarabağ” komandaları arasında keçiriləcək oyunlar barədə danışarkən deyib.
52 yaşlı mütəxəssis prinsipial rəqiblərin matçlarının hər zaman gərgin alındığını bildirib: “Qarabağ”ın məqsədi mövsümü “Qızıl dubl”la bitirməkdir. Onlar hər iki matça çox ciddi hazırlaşacaqlar. “Neftçi”yə gəlincə, kubok bu komandanın son şansıdır. Bunun üçün əllərindən gələni edəcəklər”.
Onun sözlərinə görə, bu matçda istənilən nəticə qeydə alına bilər: “Əlbəttə, üstünlük “Qarabağ”ın tərəfində olacaq. Ancaq bu, onların yüz faiz qalib gələcəyi anlamına gəlmir. Düşünürəm ki, “Neftçi” oyunu müdafiədən qurmaqla vəziyyəti öz xeyrinə dəyişə bilər. Burada əsas məqam Ağdam təmsilçisinə boşluqlar buraxmamaqdır. Çünki “Qarabağ”dakı futbolçuların sürəti və texnikası “ağ-qaralar”ın səhvlərini bağışlamayacaq”.
Qeyd edək ki, aprelin 2-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” matçı saat 20:00-da başlayacaq. Cavab qarşılaşması isə aprelin 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.

 

İdman 2024-04-01 16:52:00