Veteran şahmatçı: Nicat Abasov üçün qalib gəlmək asan olmayacaq
Bakı, 1 aprel, AZƏRTAC
“Bizi çox ağır yarış gözləyir. Şahmatçımız üçün qalib gəlmək asan olmayacaq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın veteran şahmatçısı Fikrət Sideifzadə İddiaçılar Turnirində iştirak edəcək Nicat Abasovun şanslarını dəyərləndirərkən deyib.
Mütəxəssis bildirib ki, 29 yaşlı qrosmeyster yaxşı nəticə əldə edərək elit aləmdə möhkəmlənə bilər: “Olduqca güclü rəqiblərlə üz-üzə gələcək. Dünyanın ən güclü şahmatçıları burada mübarizə aparacaqlar. Nicat Abasov ilk dəfə bu turnirdə iştirak hüququ əldə edib. Rəqiblərinin hər biri elit şahmatçılardır. Yan Nepomnyaşi, Hikaru Nakamura kimi çox təhlükəli idmançılarla qarşılaşacaq. O, ilk dəfədir belə sıçrayış edir. Komanda yoldaşı Şəhriyar Məmmədyarov da bu yarışda ona kömək edəcək. Şəhriyarın belə turnirlərdə oynamaqda böyük təcrübəsi var”.
Onun sözlərinı görə, bu turnir N.Abasovun təcrübə yığması baxımından mühüm əhəmiyyət kəsb edir: “Birinci növbədə təcrübə qazanmaq, ikinci növbədə isə mümkün qədər uğurlu çıxış etmək haqqında düşünməlidir. Rəqibi Y.Nepomnyaşi iki dəfə dünya çempionu olmaq uğrunda matç keçirib. H.Nakumara da illərdir dünyanın ən güclü iti zəka sahibləri arasında yer alır. Gənc şahmatçılar da burada qüvvəsini sınayacaq. Hindistanın üç qrosmeysteri ilk dəfə bu turnirə qatılacaq. Onlar gənc olmalarına baxmayaraq, karyeraları ərzində bir çox uğura imza atıblar. Kim daha cəsarətli və hazırlıqlıdırsa, o da qalib gələcək”.
F.Sideifzadə Nicatın Bakıda keçirilən Dünya Kubokundakı mükəmməl çıxışını Kanada da təkrarlayacağına inandığını da söyləyib: “ Nicat bizə sürpriz edə bilər. Yarış 14 tur və iki dövrədən ibarətdir. 14 tur oynamaq müasir şahmatçılar üçün nisbətən çətin olur. Çünki onlar 9 və ya 11 tur oynamağa öyrəşiblər. Belə ağır turnir həm psixoloji, həm də fiziki hazırlıq tələb edir. Ancaq təmsilçimiz yaxşı hazırlıq prosesi keçib. Ona görə də onun uğurlu çıxış edəcəyinə inanmaq istəyirik”.
O qeyd edib ki, ilk növbədə oyun taktikasını düzgün qurmaq lazımdır: “Komandalar hər zaman bir-birlərinin zəif tərəflərini analiz edir və oyunu onun üzərində qururlar. Nisbətən zəif şahmatçı oyunu müdafiədən qurur. Hər idmançı yarışa başlamadan öncə psixoloji olaraq özünü hazırlayır. Oyuna “mən mütləq qalib gələcəyəm” fikri ilə çıxmaq doğru deyil. Çünki bu, yarış zamanı idmançıya həddindən artıq yük olur. Həmişə “nəticə nə olursa olsun, əlimdən gələni edəcəyəm” fikri ilə çıxıb yarışmaq lazımdır. Belə düşünmək oyuna çıxmadan öncə insanı sakitləşdirir”.
Qeyd edək ki, İddiaçılar Turniri aprelin 2-25-də Kanadanın Toronto şəhərində keçiriləcək.
Azərbaycan klubu amerikalı basketbolçu ilə yollarını ayırıb
AMADA beynəlxalq tədbirdə Azərbaycanı uğurla təmsil edib
“Sabah” klubu aparıcı basketbolçusu ilə yollarını ayırıb
“Neftçi” və “Qarabağ” azarkeşlərinə, “Kəpəz”lə “Sumqayıt” futbolçularına görə cərimələnib
Azərbaycan gimnastları Serbiyada beynəlxalq turnirdə iştirak edəcəklər