×
A
A
A
Sazlamalar

Metronun “Koroğlu” stansiyasının keçidlərində yeni məlumat lövhələri yerləşdirilib

Bakı, 1 aprel, AZƏRTAC

“Bakı Metropoliteni” QSC aparılan monitorinqlər əsasında sərnişin məmnunluğunun artırılması istiqamətində silsilə tədbirlərini davam etdirir.
QSC-dən AZƏRTAC-a bildirilib ki, son iki il ərzində “Koroğlu” stansiyası sərnişin sayına görə Bakı metrosunun ən giriş-çıxışlı stansiyasına çevrilib. Bu dövr ərzində stansiyada təhlükəsizlik tələbləri və hərəkət rahatlığının təmin edilməsi məqsədilə bir sıra tədbirlər görülüb. Lakin stansiyanın vestibülündə sərnişinlərin həm gediş haqqı yükləməsi, həm yoxlanış məntəqəsinin yerləşməsi sərnişin sıxlığına səbəb olur, davamlı hərəkət axınına maneələr yaradırdı. Davamlı addımların daha biri kimi stansiyanın daha çox sərnişin axını olan keçidində gediş haqqının yüklənməsi üçün 2 terminal yerləşdirilib.
Eyni zamanda, vestibüldə sərnişinlərin hərəkət intensivliyini daha da artırmaq məqsədilə həmin sahədən daha bir terminal da keçid zonasında qoyulub. Hər 3 terminal stansiyanın sərnişinlərin giriş zonasına axını istiqamətində hərəkətə mane olmayan xüsusi ayrılmış sahədə yerləşdirilib. Terminallar yerləşdirildikdən sonra aparılan müşahidələr və sərnişin rəyləri müsbət olmaqla, vestibüldə hərəkətin daha nizamlı və sürətli təşkilinə şərait yaradıb. QR bilet sisteminin təşviqi, sərnişinlərin məlumatlılığının artırılması məqsədilə bütün stansiyaların giriş qapıları, eyni zamanda, vestibüllərin uyğun zonalarında QR biletdən istifadə ilə bağlı Azərbaycan və ingilis dilində məlumat lövhələri yerləşdirilib.
Bu proses stansiyaların bütün uyğun zonalarında təmin ediləcək.

İqtisadiyyat 2024-04-01 15:40:00