×
A
A
A
Sazlamalar

Çinin “Bir kəmər, bir yol” layihəsində Azərbaycan aparıcı iştirakçıya çevrilib

Bakı, 1 aprel, AZƏRTAC
Bu gün Çin qlobal iqtisadiyyatda əvəzolunmaz rol oynayaraq nəinki ümumi daxili məhsul istehsalının artımında eləcə də yeni texnologiyaların inkişafında Avropanı geridə qoyub.
AZƏRTAC xəbər verir ki, Çinin durmadan inkişaf edən iqtisadiyyatı ticarət əlaqələrinin genişlənməsinə və yeni nəqliyyat dəhlizlərinin formalaşmasına ehtiyac yaradıb. Təsadüfi deyildi ki, 2013-cü ildə Çin 21 milyard dollar həcmində dəyərləndirilən “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsinə start verdi və Azərbaycan bu layihəni dəstəkləməklə yanaşı, onun reallaşmasında aparıcı iştirakçıya çevrildi.
Bu günə kimi Çin ilə Azərbaycan arasında 88 sənəd imzalanıb. Bunların arasında Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nu və “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Çin Xalq Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu xüsusilə qeyd etmək lazımdır. Məhz bu sənədlərin imzalanmasından sonra qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri daha da genişlənməyə və Çinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) marağı artmağa başladı.
2019-cu il tarixlərində Prezident İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak etmək məqsədilə Çinə etdiyi səfər zamanı iki ölkənin şirkətləri arasında müxtəlif istiqamətlər üzrə ümumi dəyəri 821 milyon dollar olan 10 sənəd imzalanıb. Bu sənədlər arasında Transxəzər Nəqliyyat Marşrutu vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınması haqqında sazişi xüsusi qeyd etmək lazımdır. Çin-Azərbaycan Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının sabiq həmsədri Luo Veydonun açıqlamasına görə, Çin Azərbaycandan kənd təsərrüfatı, kimya və sənaye məhsullarının idxalını daha da artırmaq, İnternet İpək Yolunun yaradılması, İpək Yolu elektron ticarətinin inkişafı məqsədilə iki ölkə arasında əməkdaşlığı dərinləşdirməyi planlaşdırır. Bu plana uyğun olaraq, iki dövlət arasında nəqliyyat və tranzit sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi zəruridir. Komissiyanın həmsədri onu da bildirib ki, rəsmi Pekin tranzit sahəsində Azərbaycanı ən yaxın tərəfdaşı hesab edir.
Çinin Avropa ilə ticarət əlaqələrini Azərbaycan üzərindən həyata keçirməyə çalışması təkcə ölkəmizin coğrafi mövqeyindən ibarət deyil. Azərbaycan 15 milyon ton yükaşırma imkanı olan beynəlxalq dəniz limanına və ildə 5 milyon ton yükdaşıma imkanı olan Bakı-Tbilisi–Qars (BTQ) dəmir yoluna malikdir. Bu infrastrukturlar Orta Dəhlizin əsasını təşkil edir. Bu il BTQ-də genişləndirmə işləri başa çatacaq. Dəmir yolunun Gürcüstandan keçən hissəsində genişləndirmə işləri başa çatdıqdan sonra yolun yükdaşıma imkanı 10 milyon tona çatacaq.
Qazaxıstan Orta Dəhliz marşrutu üzrə Çin ilə Azərbaycanın arasında yerləşən dövlətdir. Orta Dəhlizin formalaşmasında Qazaxıstan da mühüm rola malikdir. “KTZ Exspress” logistika şirkətinin icraçı direktoru Aybek Kapar bildirib ki, Qazaxıstan ərazisindən ümumilikdə 11 nəqliyyat dəhlizi keçir ki, bunların arasında ən əhəmiyyətlisi Çin ilə Avropanı birləşdirən Orta Dəhlizdir. Qazaxıstanın Çin ilə sərhəddə yerləşən Altınkol stansiyasından yük qatarı Orta Dəhlizlə Gürcüstanın dəniz limanlarına 53 deyil, 15 gün ərzində çatdırılır. Bu, yüklərin tez çatdırılması ilə yanaşı nəqliyyat xərcinin də azalması deməkdir.
Qazaxıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Taisiya Marmontova bildirib ki, Qazaxıstanın tranzit potensialının artması Orta Dəhlizin tam gücü ilə fəaliyyət göstərəcəyini deməyə əsas verir. Orta Dəhliz yalnız Qazaxıstan üçün deyil, ərazisindən keçən bütün dövlətlər üçün əhəmiyyətlidir. Dəhliz ticarət yollarını şaxələndirməklə yanaşı, iqtisadi artıma, yeni tərəfdaşların tapılmasına və iqtisadi əməkdaşlıq əlaqələrinin artmasına böyük imkanlar yaradacaq. Orta Dəhlizin tam işə düşməsi region dövlətlərinə iqtisadi gəlirlə yanaşı, həm də siyasi üstünlüklər qazandıracaq.

 

İqtisadiyyat 2024-04-01 15:32:00