×
A
A
A
Sazlamalar

Qazaxda “Sazlı-sözlü kəlağayı günləri” adlı ədəbi-bədii tədbir keçirilib

Qazax, 31 mart, Ruslan Novruzoğlu, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında Elm və Təhsil Nazirliyinin dəstəyi, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Sazlı-sözlü kəlağayı günləri” adlı layihənin davamı olaraq ədəbi-bədii tədbir keçirilib.

Tədbir Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Anam kəlağayı bir muğamıydı...” kitabı təqdim edilib. Sərgidə tələbələrin kəlağayıya həsr edilmiş rəsmləri də nümayiş olunub.
BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov qonaqları salamladıqdan sonra qeyd edib ki, Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə öz təsdiqini tapıb.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı çıxış edərək bildirib ki, tədbirin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərimizin gənc nəsil arasında təbliği, adət-ənənələrimizin yaşadılmasıdır. Natiq Azərbaycan kəlağayısının tarixi, formaları, naxışları, bəzəkləri barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman, filialın mətbuat xidmətinin rəhbəri Elçin İsmayıl çıxış edərək kəlağayı ilə bağlı öz fikirlərini bölüşüblər.

Sonra şairlərdən Güləmayıl Murad, Brilyant Atəş, Güləndam Dağlarqızı, Şəhla Ələsgərova yazdıqları şeirləri oxuyublar. Riyaziyyat və informatika kafedrasının müdiri, professor Hüseyn Xəlilov, Filialın dil, ədəbiyyat və onların tədrisi metokası kafedrasının müəllimi, filologiya üzrə elmlər doktoru Valeh Nəsibov, həmin kafedranın baş müəllimləri Heyran Vəkilova, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının ədəbi məsləhətçisi, şair Mustafa Rasimoğlu çıxış edərək öz xatirələrini bölüşüb, şeirlər səsləndiriblər.

Filialın tələbələrindən Günay Kazımova və Tərlan Aslanlı kəlağayıya həsr olunmuş şeirləri, Natiq Şahüseynov isə qədim saz havalarını ifa ediblər.

Regionlar 2024-03-31 15:52:00