Soyqırımı qurbanlarının və şəhidlərimizin qanı yerdə qalmadı
Bakı, 31 mart, AZƏRTAC
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazilərində bütün cəbhə boyu təxribatlara başlayanda və bunu müharibəyə çevirəndə düşünürdülər ki, yəqin, bu dəfə də havadarlarının köməyi ilə digər ərazilərimizi işğal edəcəklər. Ancaq bu dəfə xəbis niyyətlərinə çata bilmədilər. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz işğalçı Ermənistanı cəmi 44 gün ərzində diz çökdürdü və tarixi Qələbə qazandı. Bununla da Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Şanlı Zəfərdən üç il sonra yenilməz ordumuzun Qarabağda apardığı bir günlük lokal xarakterli antiterror tədbirlər ilə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam bərpa olundu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarından söhbət açaraq deyib ki, faşist xislətlilər dinc əhaliyə qarşı amansız cinayətlər edib, qəddarcasına soyqırımı törədiblər. O, 1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisinin kütləvi surətdə qətlə yetirildiyini xatırladaraq deyib ki, Bakı şəhərində, habelə digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, insanlar işgəncələrə məruz qalıb. Ermənilərin törətdikləri cinayətlərin miqyası ölçüyə gəlməz dərəcədə olub. Həmin vaxt Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə soydaşımızı dədə-baba torpaqlarından qovub. Bu faciə tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanınmalıdır. Çünki həmin dəhşətli hadisələrdə yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirərək Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.
Ç.Qənizadə erməni cəlladlarının uşaq, qoca, qadın demədən, dinc əhalini kütləvi surətdə qətlə yetirdiyini vurğulayaraq deyib ki, qatillər on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırıb, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıdıblar. Yerli tədqiqatçılar tərəfindən Şamaxı hadisələri ilə bağlı müvafiq araşdırmalar aparılıb, Quba qırğınları barədə də faktları üzə çıxarıblar. Bütün bunlar ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımını tarixi faktlarla sübut edib. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Bu Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. 1998-ci ildən başlayaraq hər il 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün ölkəmizin bütün ərazisində soyqırımı qurbanlarının anım tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur.
Hüquq müdafiəçisi Ulu Öndərin bu Fərmanından sonra yeni faktları aşkar edən araşdırmalara start verildiyini xatırladaraq deyib ki, sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb və əcnəbi dillərə tərcümə olunub. Aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
Ç.Qənizadə deyib ki, Prezident İlham Əliyevin həqiqətləri ifşa edən prinsipial mövqe nümayiş etdirməsi erməni faşizminin törətdiyi cinayətləri üzə çıxartdı. Dövlət başçımızın 2018-ci il yanvarın 18-də imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılmasında mühüm rol oynadı.
“Bu gün hər birimiz qürur hissi keçirir və fəxr edirik ki, artıq Azərbaycan dünyada bütöv, suveren qalib ölkə kimi tanınır. Ermənistan üzərindəki şanlı qələbəmiz həm soyqırımı qurbanlarının, həm də şəhidlərimizin qisasının alındığını dünyaya bəyan etdi”, – deyə hüquq müdafiəçisi bildirib.
Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür
“Arab News” qəzeti azərbaycanlıların soyqırımı barədə məqalə dərc edib
Ağdaban faciəsindən 32 il ötür
31 Mart soyqırımının səbəbləri – tarixçi alim şərh edir
Soyqırımı qurbanlarının və şəhidlərimizin qanı yerdə qalmadı