×
A
A
A
Sazlamalar

Gəncə Dövlət Universitetində soyqırımı qurbanlarının xatirəsi anılıb

Gəncə, 30 mart, AZƏRTAC

Gəncə Dövlət Universitetində (GDU) 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı haqqında danışıb. Bildirib ki, tarix boyu təcavüzkar siyasət yeridən, “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırımına məruz qoymuş, əzəli torpaqlarımızı zəbt etməyi məqsədlərinə çevirmişlər. 1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmiş, sonrakı günlərdə Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də qanlı faciələr törədilmişdir.
Tədbirdə Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə “Zəngəzurda erməni vəhşilikləri”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev “Soyqırımın tarixi kökləri”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Həmid Abbasov “Heç vaxt unutmayacağımız qanlı tarix”, Azərbaycan dili kafedrasının müəllimi Ayşən Nəbiyeva “Qəlbimizdə əbədi iz qoyan tarix”, Filologiya fakültəsinin tələbəsi Səma Abbasova “31 Mart - yaddaşımızdan silinməyən gün” mövzusunda məruzə ilə çıxış ediblər.

Regionlar 2024-03-30 20:14:00