×
A
A
A
Sazlamalar

BSU-da 31 Mart soyqırımına həsr olunmuş tədbir keçirilib

Bakı, 29 mart, AZƏRTAC

Martın 29-da Bakı Slavyan Universitetində (BSU) 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Beynəlxalq münasibətlər kafedrasının müdiri Habil Məmmədov ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı haqqında qısa məlumat verib.
Sonra Milli Azərbaycan Tarix Muzeyinin icraçı direktoru tarix elmləri doktoru Fərhad Cabbarov “1905-1906 və 1918-ci illər hadisələri: tarixi paralellər və tarixin ibrət dərsləri”, Azərbaycan multikulturalizm və ölkəşünaslıq kafedrasının müdiri İbrahim Quliyev “Qanlı martın pərdəarxası”, Qərbi Avropa Dilləri fakültəsinin dekan müavini Günel Üstündağ “1918-ci il mart soyqırımına hüquqi-siyasi qiymətin verilməsi”, Diplomatiya və xarici siyasət kafedrasının baş müəllimi Pərvin Sadıqlı “Beynəlxalq hüquqda soyqırımı aktı və erməni terrorizmi” mövzusunda məruzələrlə çıxış ediblər. Çıxışlarda soyqırımı ilə əlaqədar tarixi faktlar diqqətə çatdırılıb, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman ilə bu hadisəyə hüquqi-siyasi qiymətin verildiyi vurğulanıb. Həmçinin Quba soyqırımı və ermənilərin törətdikləri digər soyqırımı cinayətləri, eləcə də beynəlxalq soyqırımı aktından söz açılıb.

Elm və təhsil 2024-03-29 19:41:00